BAKI, 2 aprel — Sputnik. "Bakı, Sumqayıt və Abşeron ərazisində yaşayan jurnalistlər polis postlarından sərbəst keçə biləcəklər. Bu ərazilərdə yaşayan jurnalistlər iş vəsiqəsi və ya xüsusi icazə arayışı təqdim etməlidirlər. Həmin jurnalistlərin yalnız Bakı, Sumqayıt və Abşeron ərazilərində hərəkəti sərbəstdir". Sputnik xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovniki Əziz Baqişov deyib.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib ki, jurnalistlərin fəaliyyətinə məhdudiyyət yoxdur: "Ümumilikdə jurnalistlər də rayonlar və şəhərlərarası hərəkətə qoyulmuş qadağalara əməl etməlidirlər. Bakıda yaşayan jurnalist Bakı, Sumqayıt və Abşeronda sərbəst fəaliyyət göstərəcək. Amma rayonlara gedə bilməz. Gəncədə işləyən jurnalist də Bakıya gələ bilməz".