BAKI, 31 mart — Sputnik. Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və "SUP.VC" Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə "Global Virtual Hackathon" müsabiqəsi keçirilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, "Global Virtual Hackathon"un keçirilməsində əsas məqsəd virtual aləmdə insanların öz işlərini nizama salması üçün mühit yaratmaq, öyrənmək, şəbəkə qurmaq, ticari əlaqələr arasındakı boşluğu aradan qaldırmaq, mövcud potensialı üzə çıxarmaq və həqiqi nəticələrin əldə edilməsindən ibarətdir. Müsabiqəyə qeydiyyat bu gündən başlayır. İştirakçılar müsabiqəyə qoşulmaq üçün www.hackcov19.com saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat 9 aprel 2020-ci il Bakı vaxtı ilə saat 21:00-da başa çatacaq. Seçilən iştirakçılar üçün müsabiqəyə cari ilin 10 aprel tarixində start veriləcək. 12 aprel tarixində keçiriləcək final mərhələsində isə jüriyə təqdim ediləcək layihələr arasından qiymətləndirmə əsasında qalib layihə və iştirakçılar seçiləcək. Birinci yerin sahibinə 5 min dollar, ikinci yerin qalibinə 3 min dollar və üçüncü yeri tutana isə 2 min dollar məbləğində mükafat bank hesabına köçürülməklə təqdim ediləcək.