BAKI, 1 aprel – Sputnik, Kəmalə Əliyeva. Reperlər HammAli (Aleksandr Əliyev) & Navai (Nəvai Bəkirov) yeno solo kompozisiyalarını təqdim ediblər. Bununla da Rusiya şou-biznesindəki öz meqapopulyar duetlərinin iflasa uğraması haqda şayiələrin yayılması üçün bəhanə veriblər.
Nəvai bu günlərdə yeni "Eqoist", Aleksandr isə “Na çto mı tratim jizn?” (Biz həyatı nəyə sərf edirik?) mahnılarını dinləyicilərin ixtiyarına veriblər. Elə bu da məşhur HammAli&Navai duetinin parçalandığı barədə şayiənin yayılmasına səbəb olub.
Müğənnilər özləri isə Sputnik Azərbaycan-a bildiriblər ki, onlar əvvəlcədən yalnız duet deyil, həm də solo kompozisiyaları ifa edəcəkləri barədə razılığa gəliblər.
"Biz hər şeyi əvvəlcədən danışmışıq: həmişə bir-birimizlə məsləhətləşirik və bir-birimizi dəstəkləyirik. Biz bundan sonra da duet ifa edəcəyik və həmçinin solo mahnılarla pərəstişkarlarımızı sevindirəcəyik. Qoy pərəstişkarlarımız arxayın olsunlar”, - deyə müğənnilər bildiriblər.
Reperlər HammAli (Aleksandr Əliyev) & Navai (Nəvai Bəkirov) bu gün bütün postsovet məkanında məşhurdurlar. Onlar Azərbaycanda anadan olsalar da, Rusiyada yaşayıb işləyirlər. 2017-ci ildə populyarlaşmağa başlayıblar. Onların ilk hiti "Tı moya ximiya" Rusiyanın ən çox dinlənilən mahnılarının TOP-20-liyinə daxil olub.