“Azərbaycan mediası dünyada geniş yayılmış koronavirus haqqında informasiyanın hazırlanmasına və çatdırılmasına ciddi yanaşır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.
O bildirib ki, yerli mediada əsasən maarifləndirici və bilgiləndirici informasiyalara üstünlük verilir: “Media dedi-qodu və şayiələrin yayılmaması üçün səylər göstərir. Təəssüf ki, belə bir məqamda bəzi məsuliyyətsiz insanlar sosial medianın imkanlarından mənfi istiqamətdə istifadə edirlər. Bu insalar çalışırlar ki, cəmiyyəti çaşdırsınlar və şayiələrə inandırsınlar. Cəmiyyətimiz kifayət qədər məlumatlı olduğu üçün belə insanlar panika yaratmaq məqsədlərinə nail ola bilmirlər. Neqativ hallara yol verənlərlə bağlı hüquq-mühafizə orqanları lazımi tədbirləri görür”.
Qeyd edək ki, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan olunub.
Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz