BAKI, 31 mart — Sputnik. Məşhur rusiyalı jurnalist və idman şərhçisi pandemiya zamanı trafiki necə artırmaq barədə kütləvi-media nümayəndələri ilə fikirlərini bölüşəcək.
KİV nümayəndələri üçün növbəti, artıq ikinci olan vebinar SputnikPro təhsil layihəsi çərçivəsində keçirilir.
İkinci onlayn sessiyada iştirak etmək üçün idman jurnalistləri dəvət olunur. Rusiyalı jurnalist, bloger, televiziya aparıcısı, idman şərhçisi, "Rossiya seqodnya" BİA-nın icraçı direktoru Vasili Konov onlarla görüş keçirəcək.
Vebinar iştirakçıları koronavirus şəraitində idman haqqında necə yazmaq və trafiki necə artırmaqla bağlı məsələləri müzakirə edəcəklər. Mövzu pandemiya ilə əlaqədar olaraq, dünyanın demək olar ki, bütün idman tədbirlərinin ləğv edilməsi və ya müxtəlif müddətə təxirə salınması baxımından mühüm əhəmiyyət kəsb edir.
SputnikPro təhsil proqramı çərçivəsində vebinar aprelin 3-də saat 14:00-da keçiriləcək.
Onlayn sessiyada iştirak etmək istəyən jurnalistlər Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin e-poçt ünvanı (gulzar.mustafaeva@sputniknews.com) vasitəsilə qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər.
SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir.
SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində həyata keçirilir. 2018-ci ilin mart ayından indiyədək bu layihədə 2000-dən çox jurnalist və mediamenecer, PR-mütəxəssisləri və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətlərdə təhsil alan tələbələr iştirak edib.