CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusun turizmi çökdürməməsi üçün tövsiyələr hazırlanıb

© Sputnik / Murad OrujovТуристы в Баку
Туристы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirus pandemiyasının turizm və qonaqpərvərlik sənayesinə göstərdiyi neqativ təsirləri minimuma endirmək məqsədilə dövlət müxtəlif dəstəkləyici tədbirlər paketləri hazırlayır və yaxın günlərdə bunlar ictimaiyyət üçün açıqlanacaq

BAKI, 31 mart — Sputnik. Dünya miqyasında koronavirus (COVİD-19) pandemiyası bir çox iqtisadi sahələrə mənfi təsir göstərmişdir. Bunlar sırasında ən çox ziyan çəkmiş turizm, otelçilik və restoran biznesi sahələri xüsusilə qeyd olunurlar.

Turizm və qonaqpərvərlik (HORECA) sahələri üzləşdikləri iqtisadi-sosial çətinliklər multiplikasiya effekti yaradaraq sənayedə fəaliyyət göstərən biznes subyektlər arasında habelə nəqliyyat, ekskursiya xidmətləri, əyləncələr, ticarət, suvenirlər və digər əlaqəli sahələrlə zəncirvari neqativ təsirlərə gətirib çıxarıb.

Koronavirus pandemiyasının sahibkarlığa, xüsusilə də kiçik və orta biznes subyektlərinə vurduğu neqativ təsirləri minimuma endirmək məqsədilə dövlət, ictimai qurumlar və özəl sektor nümayəndələri arasında artıq bir sıra real və virtual görüşlər keçirilmiş, fikir mübadiləsi və müzakirələr aparılıb. Bu barədə Hotellər və Restoranlar Assosiasiyasından Sputnik Azərbaycan-a məlumat verilib.

Verilən məlumatda aparılan təhlillər və özəl sektoru, o cümlədən turizm və qonaqpərvərlik sahələrində çalışan vətəndaşları dəstəkləyən tədbirlərin realizə edilməsi mümkünlüyünün müzakirələri nəticəsində əldə edilmiş məlumatlara və təcrübələrə istinadən onlar aşağıdakı kimi təsnif olunub:

-       Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən müəsissələrdə çalışan işçi qüvvəsinin əməkhaqqının dövlət tərəfindən müəyyən edilmiş həddə və müddətdə ödənilməsi, o cümlədən DSMF, icbari sığortaların, digər əməkhaqqı və sosial təminat ilə əlaqəli ödənişlərin müvəqqəti olaraq dayandırılması;

-       Turizm və qonaqpərvərlik sənayesində çalışan və pandemiyanın nəticəsində boşdayanma elan etmiş şirkətlərin əməkdaşlarının mövcud bank kreditlərinin ödənilməsinin müvəqqəti olaraq dayandırılması;

-       Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlər və fərdi sahibkarlar üçün sadələşdirilmiş vergi, gəlir vergisi, əmlak vergisi, torpaq vergisi və ƏDV ödənilməsinin müvəqqəti olaraq dayandırılması;

-       Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlərin və fərdi sahibkarların biznes obyektlərinin, o cümlədən ofislərin  kommunal, rabitə və internet xərclərinin ödənilməsinin müvəqqəti olaraq dayandırılması; o cümlədən dezinfeksiya işlərinin aparılması üçün ödənişlərin azaldılması və yaxud ləğv edilməsi;

-       Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlərin və fərdi sahibkarların biznes obyektlərinin, o cümlədən ofislərin icarə ödənişlərinin azaldılması və yaxud müvəqqəti olaraq dayandırılması, icarə müqavilələrinin şərtlərinə yenidən baxılması;

-       Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlərin və fərdi sahibkarların mövcud bank kredit faizlərinin ödənişlərinin müvəqqəti olaraq dayandırılması;

-       Gələcəkdə sürətli bərpa və inkişaf üçün turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən şirkətlər və fərdi sahibkarlar, eyni zamanda “startup” lar üçün zaminsiz və aşağı faizlə biznes kreditlərin təklif edilməsi;

-       Gələcəkdə böhranların neqativ təsirlərindən sığortalanmaq (“maliyyə təhlükəsizliyi yastığı”), o cümlədən turizm və qonaqpərvərlik sənayesinin bərpasını daha da sürətlə təmin etmək məqsədilə Turizm Fondunun yaradılması;

-       Gələcəkdə sürətli bərpa və inkişaf üçün viza rüsumlarının azaldılması və yaxud ləğv edilməsi, regionlarda fəaliyyət göstərən beynəlxalq hava limanlarına alternativ və ucuz reyslərin açılması, nəğsız ödənişlərin komissiyalarının aşağı salınması və yaxud ləğv edilməsi, günəmuzd və ştatdan kənar çalışan əməkdaşların ciddi qeydiyyata alınması və onların sosial təminatlarının gücləndirilməsi, ölkənin turizm potensialını təşviq edən marketinq işlərinin gücləndirilməsi, mövsümü çalışan turizm və qonaqpərvərlik obyektlərinin aşağı mövsümdə vergi yükünün yüngülləşdirilməsi, xaricdən cəlb edilən mütəxəssislərin miqrasiya prosedurlarının sərtləşdirilməsi və bununla yerli mütəxəssislərə üstünlüyün verilməsi.

Dövlət qurumları ilə aparılan müzakirələr zamanı söylənmiş fikirlər və son günlərdə KİV vasitəsilə yayılan xəbərlər onu göstərir ki, koronavirus pandemiyasının turizm və qonaqpərvərlik sənayesinə göstərdiyi neqativ təsirləri minimuma endirmək məqsədilə dövlət müxtəlif dəstəkləyici tədbirlər paketləri hazırlayır və yaxın günlərdə bunlar ictimaiyyət üçün açıqlanacaq.

DAİR Hotellər və Restoranlar Assosiasiyası yaranmış vəziyyətdə hamını təmkinli olmağa, korporativ sosial məsuliyyət və ictimai həmrəylik nümayiş etdirməyə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin qaydalarına ciddi riayət etməyə, sənayenin bu çətin sınaqlardan tezliklə çıxmasına nail olmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışlarına dəstək olmağa və onun ətrafında birləşməyə çağırır.

Assosiasiyanın İdarə Heyətinin 30 Mart, 2020-ci il tarixində keçirilən növbədən kənar və onlayn iclasında yuxarıda qeyd edilmiş məsələlər bir daha müzakirə edilmiş, böhrandan sonrakı dövrdə sənayenin daha da sürətlə inkişafına nail olmaq məqsədilə ictimai qurumların və peşəkar birliklərin fəaliyyətinə dəstək olmaq və onların təcrübəsindən daha da səmərəli istifadə etmək üçün turizm və qonaqpərvərlik sənayesinin yeni çağırışlara cavab verməsini təmin etmək, onun diversifikasiyası istiqamətində işləri və layihələri birgə görməyin olduqca vacibliyi qeyd edilmişdir.

Assosiasiyanın İdarə Heyəti və işçiləri pandemiyanın yayılmasına qarşı mübarizə aparan və bu gün ön cəbhədə fədakərcasına işləyən həkimlər, hüquq mühafizə orqanlarının işçiləri, karantin üçün istifadə edilmiş otellərin heyəti və bu sahədə əməyi keçən hər kəsin qarşısında baş əyir və onların qəhrəmanlığının layiqincə fərqləndirilməsini arzulayır. Assosiasiyanın mütəxəssisləri ümid edirlər ki, səhiyyə və elm pandemiyanın öhdəsindən tezliklə gələcək, turizm və qonaqpərvərlik sənayesi bundan sonra daha da sürətlə inkişafa doğru addımlayacaq.

Xəbər lenti
0