BAKI, 31 mart — Sputnik. Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Xəbərdə qeyd edilir ki, martın 24-30-da Bakı və respublikanın bölgələri üzrə vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə 20 min 253 müraciət daxil olub.
Onlardan 4555-ni sosial xidmətlərin göstərilməsi ilə bağlı müraciətlər təşkil edib. Müraciətlər əsasında 2208 şəxsin tənha yaşı 65-dən yuxarı şəxslər olduğu nəzərə alınmaqla, onlara sosial xidmətçilər tərəfindən evlərində sosial məişət xidmətlərinin göstərilməsinə başlanıb. Beləliklə, evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb. Həmin vətəndaşlara könüllülərin də dəstəyi ilə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaitləri ilə əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməkliklər göstərilir.