BAKI, 30 mart — Sputnik. Yeni Zelandiyada "COVID-19" xəstəliyi ilə əlaqəli ilk ölüm hadisəsi qeydə alınıb. Sputnik Azərbaycan ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, koronavirus təxminən 70 yaşı olan qadının ölümünə səbəb olub.
"Təəssüf ki, Yeni Zelandiya bu gün səhər "COVID-19" xəstəliyi ilə bağlı ilk ölüm hadisəsini qeydə alıb", - nazirliyin saytında deyilir.
Lakin qadının koronavirusdan deyil, qripdən müalicə olunduğu bildirilir. "COVID-19" diaqnozu təsdiqləndikdən sonra, onun müalicəsi ilə məşğul olan bütün tibbi heyət, eləcə də onun ailə üzvləri karantinə yerləşdiriliblər.
Ümumilikdə, hazırda Yeni Zelandiyada 514 koronavirusa yoluxma halı qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni tip koronavirusun (SARS-CoV-2) yayılmasını pandemiya elan edib. "SARS-CoV-2" koronavirusu insanlarda "COVID-19" adlı xəstəliyə səbəb olur.
ÜST-ün son məlumatına görə, dünyada artıq 570 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb, 26 mindən çox insan dünyasını dəyişib.