CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda məhkumların azadlığa buraxılması davam etdiriləcək

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidMəhbus, arxiv şəkli
Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb. Hazırda da Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir" - Mehman Sadıqov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 30 mart — Sputnik. Məhkumların azadlığa buraxılması prosesi davam etdiriləcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib. Onun sözlərinə görə, martın 26-da 200 məhkum vaxtından əvvəl azadlığa buraxılıb. O, məhkumlarla bağlı görülən işlərdən də danışıb: "Məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi məsələsi bu gün də diqqətdə saxlanılır. Bu məqsədlə nazirliyin yaradılan xüsusi komissiyası bayram günlərində də fəaliyyətini davam etdirib, videokonfrans vasitəsilə keçirilən iclaslarda məhkumların işləri öyrənilib, onlarla söhbətlər aparılıb. Bunun nəticəsidir ki, məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb. Hazırda da Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir".

M.Sadıqov məhkumların səhhəti haqda da danışıb və qeyd edib ki, onlardan koronavirusa görə götürülən bütün analizlərin nəticəsi neqativ çıxıb.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin məsələ ilə bağlı açıqlamasında bildirilib ki, ölkəmizdə qlobal pandemiyanın qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən zəruri qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir.

Eyni zamanda qeyd olunub ki, penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçərək, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşləri və sovqatların ötürülməsi məhdudlaşdırılıb, bütün əməkdaşların və məhbusların sağlamlığı daim nəzarətdə saxlanılmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparılır.

Xəbər lenti
0