BAKI, 30 mart — Sputnik. "Dünyanın heç bir yerində həqiqi hərbi xidmətə 4 dəfə çağırış yoxdur. Çağırış iki dəfə olur - yaz və payız çağırışı".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, Azərbaycanda da həqiqi hərbi xidmətə çağırış iki dəfəyə keçirilməlidir: "Hərbi çağırış müddətinin hər dəfə parlament tərəfindən uzadılması mürəkkəb prosesdir. Ona görə də "Hərbi səfərbərlik və çağırış haqqında" qanunun təkmilləşdirilməsinə ehtiyac var. Azərbaycan Ordusu ən yaxşı texnika ilə təmin olunub. İndi əksəriyyət hərbi xidmətə könüllü gedir. İldə iki dəfə çağırış olmalıdır".
S.Novruzov onu da əlavə edib ki, iki övladı olanlar hərbi xidmətdən azad edilməlidir.