BAKI, 29 mart — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 424-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın İnfeksiyaya nəzarət və profilaktika mərkəzi yayıb.
Qeyd olunur ki, martın 29-u saat 11:00-a olan məlumata əsasən, 424 nəfər koronavirusa yoluxub. Daha əvvəl isə Ermənistanda bu virusa yoluxanlardan 3 nəfərin öldüyü bildirilirdi.
Gürcüstanda isə bir sutka ərzində koronavirusa 5 yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə bu ölkədə virusa yoluxanların sayı 90-a çatıb. Qeyd olunur ki, hazırda Gürcüstanda 4534 nəfər karantində qalır, 276 nəfər isə həkimlərin nəzarəti altında saxlanılır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 600 min nəfəri keçib, 31 mindən çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVİD-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.