BAKI, 29 mart — Sputnik. "COVİD-19" koronavirusu onunla xəstələnənlərin yarısının orqanizmində xəstəliyin simptomları yox olduqdan sonra bir neçə gün qalır. Pekin Tibb Mərkəzinin bir qrup alimi bu qənaətə gəlib. Sputnik Azərbaycan-ın məlumatına görə, araşdırmaların nəticələri “ATSJournals” jurnalında dərc olunub.
Mütəxəssislər Pekin xəstəxanasındakı orta yaşı 35,5 il olan 16 pasiyentin məlumatlarını təhlil ediblər. Məlum olub ki, xəstələrin yarısı simptomların yox olmasından sonra bir gündən səkkiz günə qədər orqanizmdən virusu atmağa davam edib.
Tədqiqatın müəlliflərindən biri olan Liksin Se xəstə sağalandan sonra karantini daha bir-iki həftə uzatmağı məsləhət görüb.
Alimlər, tədqiqatın nəticələrinin immunitet sistemi zəif olan yaşlı insanlara da aid olub-olmadığını hələ dəqiqləşdirməyiblər. Onların bədənində virusun daha uzun müddət saxlandığı istisna edilmir.
Şənbə günü, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç koronavirusun bütün yaşdakı insanlar üçün təhlükəli olduğunu söyləyib. Onun sözlərinə görə, gənclər daha az xəstələnirlər, "amma hər halda, hamını qorumaq lazımdır".
SARS-CoV-2 virusu tərəfindən törədilən "COVİD-19" adlı xəstəliyinin yayılması ötən ilin dekabr ayının sonunda Çinin Uhan şəhərində başlayıb. Çindən kənarda 190-dan çox ölkədə insanlara bu xəstəliyə yoluxma diaqnozu qoyulub. Martın 11-də ÜST koronavirusu pandemiya elan edib.
Worldometer-in məlumatına görə, 28 mart tarixində dünyada 657 mindən çox insanda koronavirus aşkarlanıb, 30 mindən çox insan vəfat edib, 141 min nəfər müalicə olunub.