BAKI, 29 mart — Sputnik. Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin 14 əməkdaşı koronavirusa yoluxub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan "Facebook" səhifəsində yazıb.
"Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzin şəhər filialının 14 əməkdaşının koronavirus xəstəliyinə yoluxduğu təsdiqlənib. Bütün profilaktik tədbirlər həyata keçirilib", - Nikoqosyan qeyd edib. Onun sözlərinə görə, bu yoluxma faktları 28 mart tarixli statistikaya daxil edilib.
Ermənistanda koronavirusun yayılmasına qarşı mübarizə üçün martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət elan edilib. Son rəsmi məlumata görə, ölkədə "COVID-19" xəstəliyinə 424 yoluxma hadisəsi aşkar edilib, üç xəstə dünyasını dəyişib.
Martın 25-dən 31-dək koronavirusun yayılması səbəbi ilə ölkədə strateji əhəmiyyətli müəssisələr istisna olmaqla digər bütün müəssisə və təşkilatların fəaliyyəti dayandırılıb, vətəndaşların hərəkəti məhdudlaşdırılıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni tip koronavirusun (SARS-CoV-2) yayılmasını pandemiya elan edib. SARS-CoV-2 insanlarda "COVID-19" adlı xəstəliyə səbəb olur.
ÜST-ün son məlumatına görə, dünyada artıq 570 mindən çox yoluxma faktı qeydə alınıb, 26 mindən çox insan dünyasını dəyişib.