BAKI, 27 mart - Sputnik. İtaliyada koronavirusdan bir gün ərzində 969 nəfər ölüb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Səhiyyədə Fövqəladə Hallar üzrə komissar Domeniko Arkuri məlumat verib.
Bu, bütün dünyada xəstəliyin yayılması zamanı ən böyük göstəricidir. Beləliklə, ölkədə artıq 9134 xəstə infeksiya nəticəsində dünyasını dəyişib.
Ötən gün İtaliyada 662 ölüm halının olduğu elan edilib. Lakin sonradan Pyemont hökuməti məlumat verib ki, gündəlik icmalda regionlarda baş verən 50 hal göstərilməyib. Arkuri qeyd edib ki, dünənki məlumatlar səhv hesablanıb.
Əvvəlki ən mənfi rekord ötən şənbə günü baş verib. Hakimiyyət orqanları yoluxmuş şəxslərin 793-nün öldüyü barədə məlumat verib.
Komissarın məlumatına görə, ötən gün ərzində 589 nəfər sağalıb və beləliklə, xəstəlikdən azad olanların ümumi sayı 10 950 nəfərə çatıb. Bu ərəfədə 999 xəstənin vəziyyəti yaxşılaşıb. Lakin üç gündür dalbadal bu göstəricidə də azalma müşahidə edilir.
Hazırda 66 414 italiyalı koronovirusa yoluxub. Gün ərzində yoluxanların sayı 4401 nəfərə yüksəlib.
Arkurinin sözlərinə görə, dünyasını dəyişənlər və sağalanlar da daxil olmaqla, yoluxma hallarının ümumi sayı 86,4 mini keçib. Ötən gün bu göstərici 80,5 min nəfər idi.
Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də Çindən yayılmış COVİD-19 koronavirus infeksiyasını pandemiya elan edib.
ÜST-ün son məlumatlarına görə, bütün dünyada bu virusa 465 mindən artıq insan yoluxub, 21 min nəfər ölüb.