BAKI, 26 mart — Sputnik. Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün sosial xidmət işçiləri səfərbər olunmaqla hazırda yaşı 65-dən yuxarı 10 mindən artıq tənha vətəndaşa evlərində gündəlik sosial məişət xidmətləri göstərilir.
Nazirlik tərəfindən bu sahədə aparılan işlərə, koronavirus pandemiyasından qorunmaları üçün evlərində çıxmaları qadağan edilmiş tənha yaşlılarımızın elə evlərində xüsusi qayğı ilə əhatə olunmasına dəstək verən qurumların sırası genişlənir.
Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırır. Layihə çərçivəsində eyni zamanda, tənha yaşlılara dərman vasitələrinin alınması, evlərdə həkim müayinələrinin təşkili kimi sosial xidmətlərin göstərilməsi də nəzərdə tutulub.
Hazırda tənha yaşlıların evlərində sosial xidmətlərlə təminatı işlərində DOST və ASAN, YAP könüllüləri, Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının, Gənclər Fondunun nəzdindəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin və "SƏLİS" Birliyinin könüllüləri yaxından iştirak edirlər. Fövqəladə Hallar Nazirliyi, "Azərpoçt" MMC də öz dəstəyini göstərir.
"Azərmaş" ASC isə bu işlərə "Böyüklərimizi qoruyaq!" sosial aksiyası ilə qoşulmaqla sosial məsuliyyət prinsipinə sadiqlik nümayiş etdirir. Sosial xidmətçi və könüllülər tərəfindən tənha yaşlılarımıza evlərində xidmət göstərilməsi tədbirlərinin daha səmərəli və operativ təşkili üçün "Azərmaş" ASC bu aksiya çərçivəsində 100 avtomobil və sürücü ayırmaqla onları ödənişsiz taksi xidməti ilə təmin edir.
Tənha yaşlılara evlərində göstərilən sosial xidmətlərə dəstək olan qurumların sırasının genişlənməsi cəmiyyətimizdə yaşlı nəsilə qayğı ilə yanaşılması kimi yüksək mənəvi dəyərlərin, eyni zamanda, milli həmrəyliyin əyani təcəssümüdür.