BAKI, 25 mart — Sputnik. Son günlər sosial şəbəkələrdə və Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində "Abonentlərin nəzərinə, xəbərdarlıq: İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərə elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq" tipli, ünvanı məlum olmayan elanlara rast gəlinir.
"Azərişıq" ASC-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yayılan elanların quruma heç bir aidiyyəti yoxdur, həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır.
Həmçinin bildirilib ki, "Azərişıq" tərəfindən aparılan yenidənqurma, təmir-tikinti, elanlar və s. işlər cəmiyyətin mətbuat xidməti vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır və hazırda vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir.