BAKI, 25 mart - Sputnik. Azərbaycan Respublikasında 6 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı aşkarlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan şəxslərdən 1 nəfər Azərbaycan Respublikası vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib.
Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
Ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2 914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.
Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.
Hazırda koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bu səbəbdən vətəndaşlarımızı bir daha gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.
Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.