“Daşınmaz əmlakın icbari sığortası bazarının həcminin artırılması, eyni zamanda bu sahənin elektronlaşdırılmasının da məcburiliyini göstərir. Bildiyiniz kimi, artıq Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələri kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılır”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri REAL TV-yə İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bildirib.
Onun sözlərinə görə, avtonəqliyyat vasitələri sahibləri sığorta şirkətlərinə elektron qaydada müraciət edirlər. Daxili İşlər Nazirliyi və İcbari Sığorta Bürosunun informasiya sistemləri inteqrasiya olunduğu üçün sığorta şəhadətnamələri elektron qaydada verilir. Buna bənzər sistemi biz daşınmaz əmlakın icbari sığortasının hər 3 növünə tətbiq etmək istəyirik. Bu dəyişiklikləri həyata keçirmək üçün qanunvericilikdə dəyişiklik etmək lazımdır. Lakin Nazirlər Kabinetində keçirilən müşavirədə bu layihənin qanun qəbul edilmədən test rejimində tətbiq edilməsi barədə qərar verilib və biz artıq bu layihənin icrasına başlamışıq".
Xatırladaq ki, 2016-cı il noyabrın 1-dən etibarən avtomobillər üçün icbari sığorta müqavilələrinin bağlanılması kağız daşıyıcılardan elektron sənəd formasına keçirilib.
Rəşad Əhmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz