BAKI, 24 mart — Sputnik. "Rospotrebnadzor"un başçısı Anna Popova bildirib ki, COVID-19 koronavirusuna yoluxanlarda xəstəliyə qarşı immunitet yaranır.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Popova Birinci kanalda Vladimir Poznerin verilişində olarkən deyib.
"Bugünkü tədqiqatlar onu deməyə əsas verir ki, yeni koronavirusun yaratdığı infeksion xəstəlikdən sağaldıqda immunitet yaranır", - Popova deyib. Qurumun rəsmisi "Rospotrebnadzor"un apardığı tədqiqatlara əsaslanır. Alimlər xəstəlikdən sağalanların qanında yenidən yoluxmanın qarşısını alan M və G immunoqlobulinlərinin yarandığını təsbit ediblər.
Son məlumatlara görə, Rusiyada 438 koronavirusa yoluxma halı aşkarlanıb. Onlardan 17 nəfər sağalıb. Bütün dünya üzrə yoluxanların sayı 360 min, sağalanların sayı 100 mindən çoxdur.
Martın 23-də məlumat yayıldı ki, fransız alimlər COVID-19 xəstəliyini törədən SARS-CoV-2 koronavirusuna qarşı dərmanı uğurla sınaqdan keçiriblər. Bildirilib ki, infeksiyanı malyariya əleyhinə hidroksixloroxin və azitromisin kombinasiyası sağaltmağa qadirdir.