BAKI, 24 mart — Sputnik. "Mən özüm bir valideyn kimi övladını yaranmış vəziyyətdə yanına gətirmək istəyən vətəndaşlarımızı başa düşürəm. Lakin mövcud vəziyyətdə məsələ, elə övladlarımızın sağlamlığından, millətimizin təhlükəsizliyindən gedir və belə olduğu təqdirdə, emosiyaları bir tərəfə qoymalı, düşüncə və anlayış nümayiş etdirməliyik".
Sputnik Azərbaycan bildirir ki, bunu xaricdə qalan azərbaycanlıların ölkəyə gətirilməsi ilə bağlı sualı cavablayan Xarici işlər naziri Elmar Məmmədyarov AZƏRTAC-a müsahibəsində deyib. Müsahibəni təqdim edirik.
- Elmar müəllim, hazırda dünyada koronavirus infeksiyasının geniş yayıldığı bir vaxtda bir çox ölkələr kimi Azərbaycan hökuməti tərəfindən də önləyici addımlar atılır, ölkə daxilində bir sıra məhdudlaşdırıcı tədbirlər görülməkdədir. Xarici İşlər Nazirliyi mövcud vəziyyətdə belə öz fəaliyyətini davam etdirən strateji əhəmiyyətli dövlət qurumlarından biridir. Ümumiyyətlə, koronavirusla mübarizə köntekstində XİN-in fəaliyyətini necə qiymətləndirərdiniz?
- Koronavirus pandemiyası bu gün qlobal müstəvidə mübarizə aparılan bir təhdiddir və bu çərçivədə hər bir ölkə kimi Azərbaycan da öz vətəndaşlarının sağlamlığı, Azərbaycan cəmiyyətinin və dövlətimizin təhlükəsizliyi üçün bütün gərəkən önləyici və təsirli tədbirləri həyata keçirir. Bu proses birbaşa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın nəzarəti altındadır. Bu günədək dövlətimiz hər zaman vətəndaşlarımızın yanında olmuş, onların üzərindən diqqəti əskik etməmişdir. Koronavirus infeksiyasının yayılması ilə mübarizə dövründə də dövlətimiz bütün səylərini səfərbər edərək, həm Azərbaycanda, həm də ölkəmizdən kənarda olan vətəndaşlarımızın sağlamlığını təmin etmək üçün ciddi tədbirlər görməkdədir. Bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyi, eləcə də ölkəmizin xaricdəki diplomatik nümayəndəlikləri xüsusi rejimdə fəaliyyətlərini davam etdirirlər. Burada bizim qarşımızda duran əsas məsələ, dövlətlər tərəfindən karantin rejimi və ya fövqəladə vəziyyət elan olunduğu, quru və hava nəqliyyatının məhdudlaşdırıldığı və bir çox hallarda dayandırıldığı bir vaxtda xüsusilə xarici ölkələrdə müvəqqəti olan (işləyən, təhsil alan və ya digər səbəblərdən səfərdə olan) vətəndaşlarımız haqqında operativ və dolğun məlumatın əldə edilməsi, onların müraciətlərinin cavablandırılması, düzgün məsləhətlərin verilməsi və əlaqələndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. Məlum olduğu kimi, koronavirusla mübarizə ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb və həyata keçirilən tədbirlərlə bağlı bu Qərargah əhalini mütəmadi şəkildə məlumatlandırır. Öz növbəsində, XİN-in nəzdində də operativ qərargah mövcuddur, burada XİN-in 24 saat açıq olan qaynar xəttinə, eləcə də elektron poçtla gələn müraciətlərə cavab verilir. Paralel olaraq, bütün diplomatik nümayəndəliklərimizin qaynar xətləri fəaliyyət göstərir. Xarici ölkələrdəki vətəndaşlarımızdan hazırkı vəziyyətdə hər hansı müraciətləri ilə bağlı ilk növbədə bu qaynar xətlərə üz tutmalarını tövsiyə edirik.
- Cənab Nazir, XİN-in və Səfirliklərimizin, Konsulluqlarımızın qaynar xətlərini qeyd etdiniz, bu xətlərə gələn müraciətlərin statistikası aparılırımı? Müraciətlər əsasən hansı mövzuda olur?
- Gün ərzində qaynar xətlərə yüzlərlə zəng daxil olur, elektron poçtumuza çoxsaylı məktublar göndərilir və onların hər biri cavablandırılır. İlk növbədə müraciət haqqında qeyd götürülür, zəng edən/məktub ünvanlayan şəxsin əlaqə nömrələri götürülür, daha sonra müraciətlə bağlı aidiyyəti diplomatik nümayəndəliyimizlə əlaqələndirmə həyata keçirilir və müraciətlər cavablandırılır, eyni zamanda məlumat Nazirlər Kabineti yanında Operativ Qərargaha ötürülür. Bu proses 7/24 davam edir. Gələn müraciətlərin əksəriyyəti xarici ölkələrdə müvəqqəti olan, təhsil alan və ya müxtəlif səbəblərdən səfərdə olan vətəndaşlarımız və onların yaxınları tərəfindən mövcud durumda necə davranmalı olduqları, geriyə dönüş mexanizmləri ilə bağlı məsləhətlərin alınması məqsədilə edilir.
Məlumdur ki, dövlətimiz indiyədək 10.000-ə yaxın vətəndaşımızın xarici ölkədən Azərbaycana qayıtması üçün xüsusi çarter reysləri təşkil edib və qayıdan vətəndaşlarımız müvafiq yoxlamadan keçərək karantin rejiminə alınıblar. O da bəllidir ki, indiki vəziyyətdə vətəndaşlarımızın ölkəyə qayıtmasını təmin etmək üçün ilk növbədə karantin yerlərinin, xüsusi rejimli xəstəxanaların hazırlığı, onların müvafiq logistika ilə təmin edilməsi çox önəmlidir. Axı, karantin yerlərinin də məhdud olduğunu anlamalıyıq. Bu baxımdan, vətəndaşlarımızın bu məsələdə dövlətə dəstək olması, anlayış gəstərməsi çox vacibdir.
Əlbəttə, mən özüm bir valideyn kimi övladını yaranmış vəziyyətdə yanına gətirmək istəyən vətəndaşlarımızı başa düşürəm. Lakin, mövcud vəziyyətdə məsələ, elə övladlarımızın sağlamlığından, millətimizin təhlükəsizliyindən gedir və belə olduğu təqdirdə, emosiyaları bir tərəfə qoymalı, düşüncə və anlayış nümayiş etdirməliyik. Baxın, bir tərəfdən Ümumdünya Səhiyyə Təşkilatı vurğulayır ki, səfərlərdən çəkinin, bu gün bütün dünyada özünütəcrid təşviq olunur, bunun üçün dövlətlər xüsusi karantin rejimi, fövqəladə vəziyyət elan edirlər. Səbəb, yeni növ təhlükəli koronavirusun geniş yayılmasının qarşısını almaqdır, çünki səfərlər zamanı bu risk artır. Digər tərəfdən, qəbul edən ölkənin təhlükəsizliyi. Bizim halımızda Azərbaycanın təhlükəsizliyi. Odur ki, vətəndaşlarımızdan məsuliyyətli davranmalarını, səfərlərdən mümkün qədər çəkinmələrini, özünütəcrid qaydalarına riayət etmələrini israrla xahiş edirik.
- Elmar müəllim, pandemiya ilə mübarizənin effektivliyi üçün həm də beynəlxalq əməkdaşlıq və əlaqələndirmə vacibdir. Azərbaycan bu xüsusda hansı işləri görür? Bu barədə fikirlərinizi öyrənmək istərdik.
- Doğrudur, qlobal pandemiya ilə mübarizənin effektivliyi üçün beynəlxalq müstəvidə səylərin əlaqələndirilməsi, o cümlədən həm bu infeksiyanın yayılması ilə mübarizə, həm də onun doğurduğu fəsadların aradan qaldırılmasında digər ölkələrlə iş birliyi və təcrübə mübadiləsinin aparılması olduqca önəmlidir. Bildiyiniz kimi, ölkəmiz ÜST ilə sıx əməkdaşlıq edir, bu qurumun missiyası 9-13 mart tarixlərində ölkəmizdə səfərdə olmuşdur və Azərbaycanın koronavirusla mübarizə tədbirlərini yüksək qymətləndirmişdir. Həmçinin ölkəmiz epidemiya ilə mübarizədə təcrübəsi olan ölkə qismində Çin tərəfi ilə məsləhətləşmələr aparır, mütəmadi olaraq ekspertlərin videokonfransları həyata keçirilir. Eyni zamanda, Türkiyə tərəfi ilə bu xüsusda əməkdaşlığımız mövcuddur. Qeyd etmək istərdim ki, ölkəmizin vətəndaşlarının Çinin Uxan şəhərindən təxliyə edilməsi zamanı qardaş Türkiyənin göstərdiyi dəstək beynəlxalq əməkdaşlığın ən gözəl nümunəsidir.
Bu gün ölkəmiz koronavirusla mübarizə sahəsində milli səviyyədə ciddi tədbirlər həyata keçirməkələ yanaşı, beynəlxalq müstəvidə mübarizəyə dəstək olur. İrana bu xüsusda Azərbaycan hökuməti tərəfindən humanitar əsaslarla 5 milyon ABŞ dolları yardım edildi. Həmçinin ÜST-ün “COVİD-19 müraciəti” fonduna ölkəmiz tərəfindən 5 milyon ABŞ dolları məbləğində yardım edilib.
Əminəm ki, bütün dünyanı əhatə edən koronavirus təhdidi ilə mübarizədə səylərimizi birləşdirərək və müvafiq əlaqələndirmə və əməkdaşlığı gücləndirərək səmərəli nəticələr əldə edəcəyik. Əlbəttə, üzləşdiyimiz çətinliklər müvəqqəti xarakter daşıyır və bu çətinliklərin ömrünü qısaltmaq üçün dövlətlər səviyyəsində atılan addımlara vətəndaşlar səviyyəsində dəstəyin verilməsi zəruridir. Yekunda isə bu günlərdə XİN-in də fəal şəkildə təşviq etdiyi bir həştəqi vurğulamaq istərdim: “gəlin hamımız hazırda yaşadığımız evlərdə qalaq və ölkəmizi qoruyaq”. Bu günlərdə hər bir vətəndaşımızın nümayiş etdirdiyi məsuliyyətli davranış və özünütəcrid, koronavirus pandemiyasına qarşı mübarizədə ümumi səylərimizə ən faydalı töhfədir.