BAKI, 24 mart — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratlar partiyasından olan üzvləri koronavirusa görə amerikalılara adambaşına ödəniləcək məbləğin 1500 dollara qədər artırılmasını təklif ediblər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə The Hill yazıb.
Qeyd olunur ki, 1500 dolların hər bir amerikalıya yaşından asılı olmayaraq verilməsi nəzərdə tutulur. Bu məbləğ Donald Tramp administrasiyasının təklif etdiyindən (yaşlılara - 1000, uşaqlara - 500 dollar) çoxdur. Eyni zamanda demokratlar bildirirlər ki, bir ailə maksimum 7500 dollar ala bilər. Nəşr yazır ki, Palatada bu təklif barədə hələlik yekun qərara gələ bilməyiblər.
Respublikaçılar partiyasının üzvləri olan senatorlar isə evli olmayanlara 1200 dollar, evli cütlüklərə 2400 dollar, hər bir uşaq üçün isə ayrıca 500 dollar verilməsini təklif etmişdilər.
Martın 19-da xəbər yayılmışdı ki, Tramp administrasiyası yaşlı insanların hər birinə 1000, hər uşağa isə 500 dollar paylanması qərarına gəlib. Ağ Ev vətəndaşlara ödənişlər üçün 500 milyard dollar ayırmağı planlaşdırır. Bu addım koronavirus pandemiyası səbəbindən ABŞ iqtisadiyyatını dəstəkləmək üçün atılır. Eyni zamanda qeyd olunur ki, əgər üç həftə ərzində böhran dayanmasa, vətəndaşlar eyni həcmdə ödənişlər alacaqlar.
Koronavirus pandemiyasına görə ABŞ-da işsizliyin həddi 20%-ə çata bilər. Virusun milli iqtisadiyyata vurduğu ziyanın həcmi isə 2008-ci il böhranının vurduğu zərərdən daha çox ola bilər.
Son məlumatlara görə, dünya üzrə koronavirusa yoluxma hallarının sayı 382 minə, ölənlərin sayı 16559-a çatıb. 102 min nəfər bu virusun törətdiyi xəstəlikdən sağala bilib.