BAKI, 23 mart — Sputnik. Ağsudan Bakıya təcili yardımla sərnişin daşıyan sürücü işdən azad olunub.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə martın 29-dək rayon qeydiyyatı olan sürücü və sərnişinlərn Bakı şəhərinə daxil olması ilə bağlı qadağalara məhəl qoymayan Ağsu RMX PHŞ-in təcili tibbi yardım stansiyasının sürücüsü Sadiq Səmədov idarə etdiyi 90-JM-977 dövlət nömrə nişanlı ambulansla Bakıya sərnişin daşıyan zaman saxlanılıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Bakı şəhərinin giriş hissəsində qurulan polis postunda saxlanılan ambulansa baxış keçirilən zaman orada həkim və tibb işçiləri olmayıb, yalnız mülki geyimdə olan sərnişinlər və onların əşyaları aşkar edilib. Sürücünün Ağsu rayonundan Bakıya ambulansla ödənişlə sərnişin daşıdığı müəyyən edilib. Paytaxta rayon sakinlərinin girişinə icazə verilmədiyi bir vaxtda sürücü Sadiq Səmədov bu qadağanı bilərəkdən kobud şəkildə pozduğu üçün dərhal işdən azad olunub.
Faktla bağlı araşdırma aparılır.