BAKI, 23 mart — Sputnik, İvan Danilov. Neft bazarlarının çökməsi və ABŞ-da şist nefti çıxaran şirkətlərin problemləri həm amerikalı siyasətçiləri, həm də ölkənin neft şirkətlərini indiyədək qeyri-mümkün, qeyri-leqal, qeyri-təbii və ümumiyyətlə "milli maraqların satılması" kimi dəyərləndirilən qeyri-adi çıxış yollarını yenidən nəzərdən keçirməyə vadar edir. Fors-major halında optimal davranışın dəqiq reseptini məşhur ingilis atalar sözü sərgiləyir: "Əgər kiməsə qalib gələ bilmirsinizsə, qalib gələnlərə qoşulun". Əgər bu atalar sözünü beynəlxalq neft bazarındakı bugünkü reallıqlara tətbiq etsək, belə alınacaq ki, qiymət müharibəsində Səudiyyə Ərəbistanı və Rusiya ilə müharibədə qalib gəlmək mümkün deyilsə, yaxud da bu, Pirr qələbəsinə dönəcəksə, o zaman qaliblərə qoşulmaq daha məntiqlidir. Məhz buna görə Amerikanın dövlət neft bazarı tənzimləyicisi (daha dəqiqi, şist nefti çıxaranlara görə cavabdeh olan qurumu) inanılmaz addım atdı: OPEC nümayəndələri ilə təmas qurdu. Hələ üstəlik, danışıqlar masasına Amerika tərəfinin dünya neft bazarının stabilləşdirilməsi üzrə planını da qoydu.
Belə planın reallaşdırılmasına hələ çox var, mürəkkəb (çoxtərəfli) danışıqlar isə min dəfələrlə pozula bilər. Ancaq indiki halda vacib olan bir məqam var: dünya bazarının əsas tabularından biri qırılıb - amerikalılar ən azından, neft qiymətlərinin artması müqabilində öz paylarının bir hissəsinin təslimi imkanlarını müzakirə etməyə hazırdırlar.
Böyük ehtimalla Amerika tərəfdən danışıqlarda iştirak edəcək Rayan Sitton Bloomberg agentliyi vasitəsilə ilkin danışıq mövqelərini təyin edib: "Nəzəri olaraq Texas neft hasilatını 10 faiz azalda bilər və əgər Səudiyyə Ərəbistanı pandemiyaya qədərki səviyyə ilə müqayisədə neft hasilatını on faiz azaltsa, Rusiya da eyni addımı atsa, bu, bazarı böhrana qədərki vəziyyətə qaytara bilər (neftin izafiliyi isə cüzi ola bilər)".
Məlumdur ki, hələ XX əsrdə ABŞ hökumətinin neft oliqopoliyaları ilə mübarizəsi vaxtından Amerikanın neft şirkətləri (ağır cəza şərtləri altında) hasilatı nə öz aralarında, nə də xarici hasilatçılarla razılaşdıra bilərlər. Ancaq konkret olaraq mister Sitton bircə imza ilə Amerikanın neft hasilatını azaltmağa tam hüququ olan dövlət strukturunun rəhbərlərindən biridir. Bu dövlət qurumu aldadıcı ada malikdir: "Texas Dəmiryolu Komissiyası" (The Railroad Commission of Texas), bu ad ona hələ XIX əsrdən, nəqliyyat bazarına inzibatçılıq etdiyi dövrdən qalıb, indi isə eyni zamanda ABŞ-ın əsas neft (və şist nefti) regionunda neftin hazilatını tənzimləyir. Mister Sitton bu qurumun komissarıdır və onun etirafına görə, OPEC-də danışıqları məhz o aparacaq, rəsmi dəvəti artıq alıb.
Bəzi amerikalı siyasətçilər və neft şirkətləri, yəqin ki, hasilatla bağlı istənilən məhdudiyyətə güclü müqavimət göstərəcək, hətta bunu məhkəmə müstəvisinə daşıyacaqlar, ancaq konkret olaraq Texas dövlət tənzimləyicisi onların razılığı olmadan və hansısa yeni qayda və ya tənzimləyici norma tətbiq etmədən "klapanı bağlaya" bilər.
İlk növbədə Texas tənzimləyicisi səmt qazının yandırılması üçün icazələri verir, vaxtını uzadır (eləcə də ləğv edir): Amerikanın şist şirkətləri həm ekoloqların, həm də maliyyəçilərin çoxdan ləğvini tələb etdikləri bu təcrübəni kütləvi şəkildə tətbiq edirlər. Hasilatın artırılması və sabit saxlanılması üçün şistçilər neftlə birlikdə çıxan qazı yandırırlar, bu ölkənin səriştəli jurnalistlərinin bildirdiklərinə görə, quyu nə qədər yaşlıdırsa, bir o qədər çox qaz çıxır. Əgər bu təcrübəni məhdudlaşdırsalar, yaxud dayandırsalar, o zaman şist nefti hasilatı proporsional surətdə azalacaq, ekoloqlar isə xoşbəxtliyə qovuşacaqlar.
İkinci əlyetən üsul daha qabadır və bir növ stop-krandan istfadəni xatırladır, ancaq ən son addım kimi (əgər Texas OPEC-lə danışığa gedirsə, deməli, son həddir) ondan istifadə oluna bilər: azalan hasilatı əvəzləmək üçün şist şirkətləri daim yeni quyular qazmalıdır, ancaq onların hər birinə icazəni də elə yuxarıda bəhs etdiyimiz komissiya verir.
Bu proses bloklansa, yaxud güclü şəkildə yubadılsa, qocalan quyularda hasilatın azalması ümumilikdə hasilatın təbii yolla və sürətlə azalmasını təmin edə bilər.
Koronavirus barədə xəbərlər bir növ informasiya meydanından "pis Rusiya" barədə xəbərləri sıxışdırsa da, Vaşinqton yeni sanksiyalar üçün bəhanə tapdı - sən demə, neft qiymətlərinin düşməsində günahkar Moskvadır.
Amerikanın Bloomberg agentliyi bildirir ki, Texas komissiyasının OPEC nümayəndələri ilə görüşü iyuna planlaşdırılıb, ancaq komissiyanın özündə də nüfuzlu skeptiklər var: "ABŞ-ın ən nəhəng neft ştatının nüfuzlu məmurlarından biri iyunda OPEC-lə danışığa dəvət alıb və bu, iki tarixən antaqonist neft ölkəsinin nadir yaxınlaşması nəticəsində mümkün olub. Cümə günü Texas Dəmiryolu Komissiyasının komissarı Rayan Sitton bəyan edib ki, OPEC-in baş katibi Mohammad Barkindo qrupun yayda Vyanada keçirəcəyi görüşə onu dəvət edib. Gözlənilməz elanın ABŞ-da və beynəlxalq neft dairələrində furor yaratmasına rəğmən, Sittonun Texasda xam neft hazilatını azaltmaq təklifi 1970-ci illərdən bu yana ilk dəfə olaraq öz agentliyinin əks-təsiri ilə qarşılaşıb.
Amerika Rusiyanı neft qiymətinə görə necə cəzalandırmaq üzərində düşünür>>
"Mən "Texas möcüzəsi"nin (şist neftinə dayanan "Texas iqtisadi möcüzəsi nəzərdə tutulur - red.) müdafiə olunması üçün istənilən ideyaya açıq olsam da, bir mühafizəkar və sərbəst bazar tərəfdarı kimi bu yanaşmaya qarşı əlimdə müəyyən bəndlər var", - komissiyanın sədri Veyn Kristian deyib.
Əgər Texas tədarükü dayandırsa, digər ölkələr və hətta ştatların onların bu hərəkətini təkrarlamayacağına heç kim zəmanət verə bilməz".
Bu bəyanatı iki aspektdən nəzərdən keçirmək olar: bir tərəfdən, komissiyanın özündə ideyanın əleyhinə olanlar var, digər tərəfdən, müqavimət prinsiplərlə deyil (mühafizəkarlıq və sərbəst bazar barədə bəyanata rəğmən), aldadılmaq və sözləşmədə yeganə uduzan tərəf olmaq qorxusu ilə bağlıdır. Bu, imtina deyil, sadəcə "müəyyən şübhə doğuran bəndlərdir", bunları da Vyanada müzakirə etmək mümkündür. Tənzimləyicinin nümayəndələri əmin edirlər ki, artıq konkret tədbirlərin axtarılması və formalaşdırılması ilıə məşğuldurlar (eyni zamanda qeyd edirlər ki, hələlik bir qərar qəbul edilməyib), üstəlik, bildirirlər ki, belə bir variantın nəzərdən keçirilməsi üçün bəzi neft şirkətləri tərəfindən sorğu göndərilib.
"Texasın bir neçə neft hasil edən şirkəti komissiyanın hasilatı normaya salmağının nə dərəcədə məqsədəuyğun olması ilə maraqlanıb, - tənzimləyicinin nemayəndəsi bildirib. - Normaya salınma "hər kəs bacardığı və istədiyi qədər hasil edir" rejimindən "hər kəs icazə verilən qədər hasil edir" rejiminə keçidi ehtiva edir".
Bu, qəribə görünə bilər, ancaq hələlik vəziyyət budur ki, qiymətlərin kəskin enməsi Amerikanın neft sektorunda üzüyolalıq baxımından möcüzə yaratmağa qadirdir. Əlbəttə, iddia etmək olmaz ki, bu möcüzə ABŞ-ın - heç olmasa, qeyri-rəsmi də olsa - OPEC-ə indi daxil olmağına, yaxud da yaxın aylarda neftin hasilatı barədə beynəlxalq müqavilə imzalamasına (o da qeyri-rəsmi) kifayət eləsin, amma birmənalı şəkildə bu istiqamətdə müəyyən irəliləyiş sezilir.