Brent və Cemma Frimen və onların iki qızı (9 yaşlı Cazzi və 7 yaşlı Obri) artıq 4-cü dəfədir Novruzu qeyd edirlər. Onlar üçün papaq atmaq, səməni cücərtmək və bayram süfrəsinə plov bişirmək çoxdandır doğmalaşmış adətlərdən olub.
3 il yarım öncə qızlarına yeni təcrübələr yaşatmaq, yeni mədəniyyətlə tanış etmək üçün ABŞ-dan Bakıya köçən Frimenlər elə ilk gündən cəmiyyətimizin hissəsi olmağa çalışıblar. Və təbii ki, Novruz da onlar üçün xüsusi bayrama çevrilib.
Adətən onlar Novruzu azərbaycanlı dostlarının evlərində keçirir. Öz ailələri ABŞ-da qaldığı üçün buradakı dost-tanışları onlar üçün ikinci ailəyə çevrilib. Cemma ilk dəfə azərbaycanlı ailəsində qonaq olduğu günü yaxşı xatırlayır.
“Masa yeməklə dolu idi. Amerikada bizdə bir böyük boşqab olur. Burada isə üstdəki boşqabı götürür və təmiz boşqaba daha çox yemək qoyurlar. Mənim üçün bu cür yeməklərə qonaq etmək qonaqpərvərlik rəmzidir və Filippindəki ailəmi xatırladır”, - deyə o bizimlə bölüşüb.
Brent üçün isə əsas məqam bu bayramın ailəliklə qeyd edilməsidir. Və o, Novruzu rəmzlərinə görə ABŞ-da qeyd edilən Pasxa bayramına oxşadıb.
Qızlar isə Novruz şirniyyatlarını çox sevirlər və hər il bu bayramı səbirsizliklə gözləyirlər. Bu il isə onlar tonqal üzərindən atlamağı və papaq atmağı planlaşdırırlar.