BAKI, 20 mart – Sputnik. İranda daha 149 nəfər koronavirusun qurbanı olub.
Sputnik Azərbaycan İran mediasına istinadla xəbər verir ki, İran səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə infeksiyadan ölənlərin sayının 1 433 nəfər olduğunu açıqlayıb. O bildirib ki, daha 1 237 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 19 644 nəfərə çatıb.
Ə.Rəisi həmçinin 6 745 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.
İspaniyada da koronavirusdan ölənlərin sayı artıb. Ölkədə virus qurbanlarının sayı 1 002-yə çatıb. Məlumata görə, krallıqda koronavirus daşıyıcılarının sayı isə 20 000-ə yaxınlaşıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 182 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 252 731-ə çatıb. Bunların 89 056 nəfəri sağalıb, 10 405 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.