BAKI, 19 mart — Sputnik. "Bütün uşaq bağçaları, məktəblər, ali məktəblər bağlanıb, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib. Göstərişimlə xəstəlik, onun yayılması və nəticələri ilə bağlı vətəndaşlara müntəzəm olaraq bütün məlumatlar verilir".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən deyib.
Prezident görülən digər tədbirlərdən də danışıb:
"Karantin tədbirləri görülür, yeni laboratoriyalar alınıb. Qısa müddət ərzində ən müasir dörd laboratoriya alınıb və hazırda bizim laboratoriyalarımızın sayı 10-a çatıb. Lazım olarsa, əlavə laboratoriyalar da alınacaq. On xəstəxana xüsusi rejimdə işləyir. Bu xəstəxanalar ölkəmizin müxtəlif bölgələrində yerləşir, o cümlədən Bakı şəhərində".
"Bu xəstəxanalarda həm xəstələrin müalicəsi aparılır, həm də karantin tədbirləri görülür", - deyə ölkə başçısı qeyd edib.