Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 17 mart — Sputnik. Son günlər mağazalarda alıcı çoxluğu müşahidə olunur. Sosial şəbəkələrdə insanların mağazalara axın etmələri, səbətləri, arabaları dolduraraq mağazaları silib-süpürmələri ilə bağlı şəkillər paylaşılır.
Marketlərə, mağazalara alıcı hücumunun səbəbləri var. Buna bir tərəfdən neftin qiymətinin düşməsi ilə bağlı yaranan narahatlıq rəvac verirsə, digər bir səbəb qarşıdan gələn Novruz bayramıdır. Amma əsas səbəb bunlar deyil, dünyanı ağuşuna almış koronavirusla bağlıdır.
Belə ki, Azərbaycan hökuməti bir neçə gün öncə koronsvirusun yayılma ehtimalını nəzərə alaraq, ölkədə sosial izolyasiya tədbirləri həyata keçirməyə başladı. Bundan sonra insanlar vahiməyə düşərək kütləvi şəkildə mağazalara üz tutublar.
Bəs bu narahatlığın əsası varmı? Sputnik Azərbaycan yaranmış vəziyyətlə bağlı ekspertlərin fikrini öyrənib.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, koronavirus ilə bağlı əhalidə müəyyən təlaş əhval-ruhiyyəsi formalaşıb və bu, müvəqqəti haldır: "Çünki ərzaq bazarında, istehlak bazarında hər hansı bir ciddi təlatümün olması gözlənilmir. Bir qədər də ajiotaj dollar ətrafındadır. Burada da hesab edirəm ki, aidiyyəti qurumlar lazım olan tədbirləri görərsə, hər hansı bir ciddi təlatümün olması gözlənilmir. Təlaşın aradan qaldırılması lazımdır və burada aidiyyəti qurumların müstəsna rolu olmalıdır".
O bildirib ki, ümumiyyətlə, bu gün əhalinin tələbinin ödənilməsi üçün kifayət qədər resurslar var və ona görə də ciddi problem yoxdur: "Sadəcə qurumlar öz tədbirlərini lazımi səviyyədə həyata keçirməlidir. Onu da qeyd edək ki, bir sıra hallarda inhisarçılar, ticarət şəbəkəsində olan bəzi sahibkarlar fürsətdən istifadə edib satışa çıxardıqları məhsul və xidmətlərin qiymətini artıra bilərlər. Bu da müəyyən təlaş yarada bilər. Amma dövlətin aidiyyəti qurumları çevik fəaliyyət göstərərək vaxtında bu məsələnin qarşısını almalıdır".
"Azərbaycanda yaxın müddətli perspektivdə istər valyuta bazarında, istər istehlak bazarında hər hansı bir problemin qarşısını almaq üçün resurslar mövcuddur". – deyə professor əlavə edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, martın 16-da İqtisadiyyat Nazirliyi ticarət obyektlərində və anbarlarda KİV nümayəndələrinin iştirakı ilə monitorinq keçirib. Monitorinqlər zamanı əhalinin gündəlik tələbat malları, o cümlədən ərzaq məhsulları ilə təchizatında hər hansı çətinliyin olmadığı, mağazalarda bütün çeşidlər üzrə malların və anbarlarda kifayət qədər ehtiyatının olduğu müşahidə edilib. Satışla məşğul olan sahibkarlar mağazalara yeni məhsulların sifarişinin davam etdirildiyini, ticarət obyektlərinin topdansatış müəssisələri tərəfindən təchizatla bağlı sifarişlərinin vaxtında yerinə yetirildiyini bildiriblər. Bununla yanaşı, koronavirusdan qorunmağın yolları ilə bağlı ticarət obyektlərində mütəmadi olaraq səsləndirilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən maarifləndirici anons hazırlanıb.
Qeyd edək ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov son günlər mağazalarda müşahidə olunan kütləvi alışla bağlı məsələyə münasibət bildirərkən deyib ki, Azərbaycanda əhalinin gündəlik tələbat malları, o cümlədən, qida məhsulları tələbatının ödənilməsində heç bir problem yoxdur: "Hazırda ticarət şəbəkələri, mağazalar və anbarlarda gündəlik tələbat malları, o cümlədən, ərzaq məhsulları ilə bağlı kifayət qədər ehtiyat mövcuddur və panikaya heç bir əsas yoxdur. Bu gün ölkədə bütün əsas məhsullar üzrə ehtiyatlar mövcuddur. Mal və məhsulların kifayət qədər ehtiyatı var. Alınan mallar yeniləri ilə əvəz olunur və olunacaq".
M.Cabbarov iqtisadi təhlükəsizlik məsələlərinin Azərbaycan hökumətinin diqqət mərkəzində olduğunu vurğulayıb. O əlavə edib ki, ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün ehtiyatlar mütəmadi monitorinq olunaraq qiymətləndirilib. Hazırda koronavirus təhlükəsi ilə əlaqədar ölkəmizin sərhədlərində tətbiq edilən məhdudiyyətlər yük daşımalarına şamil edilmir.
Nazir hökumətin iqtisadi sahədə vəziyyətə nəzarət etmək üçün bütün vasitələrə malik olduğunu vurğulayıb. O qeyd edib ki, yerli istehsalın artırılması üçün dövlət tərəfindən əlavə dəstək tədbirləri həyata keçiriləcək.