Azərbaycanda COVİD-19 adını almış koronavirusla bağlı dövlət səviyyəsində tədbirlər görülür. Ölkənin təhsil müəssisələrində dərslər mart ayının 29-dək dayandırılıb.
Yerli telekanallarda məktəblilər üçün müxtəlif fənlər üzrə teledərslər təşkil edilib. Ölkədə Novruz bayramı ilə bağlı kütləvi şənliklər ləğv edilib, bir sıra idman tədbirləri, teatr və konsertlər isə müəyyən müddətədək təxirə salınıb.
Əcnəbilərə elektron vizaların verilişi 45 günlüyünə dayandırılıb. Xaricdən gələn ölkə vətəndaşlarına 14 gün ərzində evdə qalmaq, mümkün qədər az adamla əlaqədə olmaq, yaşlılar və xəstələrlə təmasdan qaçmaq məsləhət görülür.
Təhsil müəssisələri, aeroportlar, turizm obyektləri, nəqliyyat vasitələri, Bakı metropoliteni, elmi müəssisələr, sosial obyektlər və digər kütləvi yerlər daim dezinfeksiya edilir.
Hökumət toyları və digər kütləvi mərasimləri təxirə salıb. Dini institutlar dindarları ibadətlərini evdə etməyə, məscid xidmətçilərini isə moizələri və birgə ibadətləri təxirə salmağa, xütbələri qısaltmağa çağırıb.
Azərbaycanda koronavirusla bağlı görülən tədbirlər, müvafiq məhdudiyyətlərlə bağlı daha ətraflı məlumatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.