Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 16 mart — Sputnik. Cari ilin ilk 2 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə təcili tibbi yardım çağırışlarının sayında nəzərəçarpan dəyişiklik olmayıb. Bu barədə TƏBİB-dən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, hər mövsümə uyğun olaraq çağırışların sayı dəyişir. “103” xidmətinə müraciət zamanı çağırış qəbulu üzrə tibb bacıları tərəfindən müvafiq suallar verilir və ehtiyac olduqda çağırış qəbul edilir. Müraciətlərin bəziləri təcili yardıma aid olmayan çağırışlar olur: “Vətəndaşlar daha çox arterial təzyiqin nəzərəçarpan dəyişiklikləri, qanda şəkərin ölçülməsi, baş ağrısı, nevroloji vəziyyətlərlə bağlı təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə (TTTYX) müraciət edirlər. Günün pik saatlarında (18:00-dan gecə 02:00-a qədər) daxil olan çağırışların sayı briqadaların sayından çox olduqda çeşidləmə aparılır. Xəstənin vəziyyətinin ağırlığına və müraciətin səbəbinə uyğun olaraq (pediatrik, anestezioloji-reanimatoloji, psixiatrik, xüsusiləşmiş) ünvana briqada göndərilir”.
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TTTYX-nın gücləndirilməsi istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. 2019-cu ildə tibb müəssisələrinin ilkin dəyərləndirilməsi çərçivəsində ölkə üzrə TTTYX-nın, ambulansların vəziyyətləri qiymətləndirilib və ehtiyaclar müəyyənləşdirilib.
TTTYX-nın keyfiyyətini artırmaq, təxirəsalınmaz vəziyyətlərdə mümkün qədər tez və operativ tibbi yardımı təmin etmək məqsədilə icbari tibbi sığortanın tətbiq edildiyi şəhər və rayonlarda TTTYX-nın təşkilində bir sıra yeniliklər həyata keçirilib. Belə ki, xəstəxanaların Qəbul şöbələri bazasında Təcili yardım şöbələri yaradılıb və xəstələrin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub və uşaq intensiv terapiya bloku yaradılıb. Həmçinin, təcili yardım xidmətinin optimallaşdırılması məqsədilə təcili yardım stansiyası Təcili yardım şöbələrinə birləşdirilib və stansiyanın əlaqəli fəaliyyəti qurulub. Bundan başqa, xəstəxananın daxili imkanları hesabına Təcili yardım şöbələrinin maddi-texniki təchizatı gücləndirilib. Süni tənəffüs aparatları, defibrilyator, monitor, oksigen mənbəyi və s. təmin olunub”, - deyə verilən məlmatda bildirilib.
Qeyd olunub ki, 2020-ci il ərzində TTTYX-nın gücləndirilməsi, o cümlədən tibb heyətinin ambulanslarla təmin olunması digər bölgələrdə də davam etdiriləcək.