BAKI, 16 mart — Sputnik. Martın 15-də koronavirus epidemiyasına qarşı təxirəsalınmaz tədbirlər çərçivəsində Türkiyə Cümhuriyyəti ilə Gürcüstan Respublikası arasında "Sarp" sərhəd keçid məntəqəsinin Türkiyə vaxtı ilə 17:00-da bağlanmasına dair verilən qərarın nəticəsi olaraq İstanbul-Bakı müntəzəm marşrut xətləri üzrə avtobusların girişi sərhəddə məhdudlaşdırılıb.
Bu barədə Sputnik Azərbaycan-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, VARDAR və "METRO" daşıyıcı şirkətlərinə məxsus 99 JH 866 və 34 EK 7002 dövlət nömrə nişanlı avtobusların Gürcüstan sərhəddindən tranzit keçidinə izn müəyyən təhlükəsizlik tədbirləri səbəbilə bu gün verilib: "Türkiyə Cümhuriyyətinə məxsus METRO daşıyıcı şirkətinin avtobusuna sərhəddən tranzit keçid izni verilmədiyi üçün həmin avtobusda olan sərnişinlər Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xüsusi avtobusla təmin edilib. Sərnişinlər Gürcüstanın Lançxuti şəhərində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsində istirahət edə biləcək, su və zəruri qida ilə təmin olunacaqlar.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aparılan danışıqlar nəticəsində göstərilən operativ münasibətdən dolayı, Türkiyənin Azərbaycandakı səfirliyi, Türkiyə Cümhuriyyəti Nəqliyyat və İnfrastruktur Nazirliyinin Avtomobil Daşımalarının Tənzimlənməsi Baş İdarəsi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə xüsusi təşəkkürünü bildirir".
O əlavə edib ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahın tələblərinə müvafiq şəkildə təhlükəsizlik tədbirləri çərçivəsində ümumi prosedur qaydalarından sonra sərnişinlərimizin dövlət sərhəddindən buraxılış məntəqələrinə keçidinə icazə veriləcək: "Sərnişinlərimizdən və onların yaxınlarından mövcud durumda panikaya yol vermədən 012 566 52 58 nömrəli qaynar xətlə əlaqə saxlamaları tövsiyə edilir".