BAKI, 11 mart - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qurumun baş katibi Tedros Adhanom Gebreyesus bildirib.
"Yaxın günlərdə və həftələrdə biz yoluxma hallarının, ölümlərinin və yayılma ölkələrinin sayının artmasını gözləyirik… Belə bir nəticəyə gəlmişik ki, COVID19 pandemiya kimi xarakterizə oluna bilər", - o deyib.
Pandemiya yoluxucu xəstəliyin bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çox ölkələri bürüməsinə deyilir.
Cons Hopkins Universitetinin (Johns Hopkins University) məlumatına görə, dünya üzrə koronavirusa 118100 nəfər yoluxub, 4260 nəfər xəstəlikdən dünyasını dəyişib.
Koronavirus altı qitədə 114 ölkənin ərazisində yayılıb.
Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.