BAKI, 11 mart — Sputnik. Belçikanın Vaterlo şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilməsi Avropada yaşayan soydaşlarımızın hiddətinə səbəb olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası və Benilüks Azərbaycanlıları Konqresi bu xoşagəlməz insidentlə bağlı məktubla Vaterlo şəhər meri Floran Röterə müraciət ediblər.
— Anar Shukurov (@shukuranar) March 10, 2020
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının məktubunda bildirilib ki, 8 mart – Beynəlxalq Qadınlar günündən bir qədər sonra baş verən bu insident Azərbaycan qadınına şiddət və vandalizm aktı kimi qiymətləndirilir: “Bu, yolverilməzdir və günahkarların tapılıb cəzalandırılması üçün təcili tədbirlərin görülməsini xahiş edirik”.
Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədovun məktubunda bu hadisə dəhşətli xəbər adlandırılıb: “Təəssüf ki, kimin bunu edə biləcəyindən anlayışımız yoxdur və biz kimin və nədən bunu etdiyini öyrənmək istəyirik. Biz sizdən və müstəntiqlərinizdən kimin bunu etdiyini araşdırmağınızı xahiş edirik. Biz çox məşhur şairlərimizdən birinə ucaldılmış bu abidəni yüksək dəyərləndiririk və bu hərəkət bizim üçün çox ağırdır. Ümid edirik ki, bunun nə məna kəsb etdiyini və Vaterloda bu abidənin bizim üçün necə dəyərə malik olduğunu siz başa düşürsünüz”.
Sonda merin bu məsələ ilə bağlı tezliklə cavab verəcəyinə ümid ifadə olunub.
Qeyd edək ki, Belçika Krallığının Vaterlo şəhərinin mərkəzi parkında Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvana abidə ucaldılması Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdirilib Abidənin açılışı 2016-cı il fevralın 18-də olub. Heykəlin postamentində “Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan” sözləri yazılıb. Özündə Qarabağla bağlı qeydi əks etdirən bu abidənin Belçikada ucaldılması Azərbaycan həqiqətlərinin yaşadılması və dünyada tanıdılması istiqamətində görülən işlərə bir töhfədir.
Heykəl Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələr siyahısına daxildir.