BAKI, 11 mart — Sputnik. Kavopulmonar anastomoz əməliyyatı, əsasən, təkmədəcikli əməliyyat planlanan xəstələrdə ilk mərhələdə icra olunan bir əməliyyatdır.
Sputnik Azərbaycan xəbər verir ki, belə bir əməliyyat bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ürək-damar cərrahiyyəsi şöbəsində olub. Klinikaya qəbul edilən 2008-ci il təvəllüdlü Zəhra Qənbərlinin intrakardiak morfolojisi biventrikulyar əməliyyata uyğun olsa da, ilk əməliyyatda onun üzərində uşaq ürək cərrahı Ramal Həsənovun rəhbərliyi ilə Glenn proseduru icra edilib. O bildirib ki, xəstədə cüzi hərəkət zamanı təngənəfəslik və yorğunluq müşahidə olunub. Xəstədə getdikcə göyərmə halı artıb, bunun nədən baş verməsi mütəxəssislərin marağına səbəb olub. İkiyönlü Glenn əməliyyatı olunmuş 12 yaşlı xəstə exokardioqrafiya müayinəsi olunan zaman ona TGA ,VSD, PS diaqnozu qoyulub və bu zaman xəstənin ikimədəcikli əməliyyat şansının olduğu qənaətinə gəlinib.
Cərrah R.Həsənovun bildirdiyinə görə, xəstədə Glenn “takedown” (GTD) + Rastelli əməliyyatı icra olunub. Onda "Superior Vena Cava Warden" proseduruna uyğun olaraq sağ atriuma təkrar anastomoz edilərək Sinus ritmi qorunub.
Qeyd edək ki, əməliyyat 14 saat çəkib, əməliyyat sonrası xəstənin döş sümüyü açıq buraxılaraq reanimasiyaya götürülüb. Əməliyyatın 4-cü günü xəstənin sternumu qapadılaraq ekstubasiya olunub. 20 gündən sonra isə xəstə normal klinik və hemodinamik göstəricilərlə evə yazılıb. Hazırda xəstə özünü yaxşı hiss edir.