BAKI, 10 mart — Sputnik. Avropa İttifaqına üzv ölkələr Türkiyə ilə miqrasiya razılaşmasının reallaşdırılması üzrə real addımların atılmasının vacibliyini anlayır. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
Türkiyəli nazir qeyd edib ki, Avropa İttifaqının Ankara qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi tamamilə aydındır.
O vurğulayıb ki, Ankara və Aİ bu məsələ ilə bağlı yeni dialoqa başlayıb, lakin danışıqlarda irəliləyişə nail olmaq üçün real addımlar lazımdır: "Avropa Suriyanın İdlib regionundan yeni qaçqın axınlarına qarşıdır, lakin Suriyanın şimal-şərqində əhalinin dəstəklənməsi üçün heç nə etmir".
O həmçinin xatırladıb ki, Avropanın sərhədləri Yunanıstanla sərhəddən deyil, Türkiyənin cənub və şərqindən başlayır.