BAKI, 9 mart — Sputnik. İran koronavirus epidemiyası səbəbindən müvəqqəti olaraq azadlığa buraxdığı 70 min məhbusu cəmiyyətə hansısa təhdid yaranmayanadək geri qaytarmaq niyyətində deyil.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə İranın məhkəmə hakimiyyətinin başçısı İbrahim Rəisi bildirib.
"Məhbusların azadlığa buraxılması cəmiyyətə təhlükə yarananadək davam edəcək", - Rəisinin bu sözlərini Mizan Online agentliyi sitat gətirib.
Rəisi bildirib ki, təxminən 70 min nəfər həbsxanalardan çıxarılıb.
Cənub qonşumuzda koronavirusa yoluxma sayı 7 mini ötüb. Ölənlərin sayı 237, sağalananların sayı isə təxminən 2.4 mindir. Sputnik Azərbaycan bildirir ki, bunu İranın Səhiyyə nazirinin müşaviri Əli Reza Vahabzadə deyib.
"Ötən gün ölkədə 695 yeni yoluxma faktı aşkarlanıb, xəstələnənlərin sayı 7161 nəfər olub. İndiyədək 2394 insan sağalıb", - Vahabzadə Twitter-də yazıb.
"Son 24 saat ərzində 43 koronaviruslu xəstə dünyasını dəyişib, ölənlərin sayı 237-yə çatıb", - nazir müşaviri əlavə edib.
Dünən isə Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur koronavirusa yoluxma hallarının səngidiyini bildirib. Martın 6-da İranda rekord həddə - 1234 yeni yoluxma faktı olub, dünən 743, bu gün isə 595 insan yoluxub.
Bazar günü ölənlərin sayı qəfil artıb - 49 nəfər.
Koronavirus ölkənin bütün əyalətlərinə sirayət edib. Qəmli situasiyada liderlik Tehrandadır, burada 1945 nəfər yoluxub, ikinci yerdə Qumdur - 712 nəfər. Mazandaranda 633, İsfahanda 601, Gilanda 524 adam koronavirusa yoluxub.
İranda dərslər Novruzadək dayandırılıb. Martın 20-dən sonra isə yeni il tətili başlanacaq. Hazırda və xüsusilə bayram ərəfəsində lüzum olmadan səfərlər etməmək, evdə qalmaq tövsiyə olunub. Mədəni və idman tədbirləri də təxirə salınıb.