Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Quş adlı meyvə: Böyük bəla onu da hədəfə götürüb

Abunə olmaq
Ekspert: "Cənub bölgəsində bu sahəyə elmi yanaşma olsa, normal investisiya qoyuluşu olsa, kivinin yetişdirilməsi və ixracı mümkündür. Kivi ixracı üçün Rusiya çox böyük bazardır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 mart — Sputnik. 2019-cu ildə Azərbaycana 2 min 962 ton kivi idxal, Azərbaycandan 26,7 ton kivi ixrac olunub. Fed.az-ın məlumatına görə, Azərbaycanın kivi idxalının 98,7%-ni İran qarşılayıb.

“Sitrus vadisi” aqroturu  - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanın sitrus vadisi braziliyalıları valeh etdi - FOTO

İrandan kivinin kilosu 0,60 dollardan idxal edilib. Ölkəyə ən bahalı kivi Çindən gəlib. Çindən gətirilən kivinin kilosunun qiyməti 1,8 dollar olub. Ötən il Azərbaycandan Rusiya və Ukraynaya kivi ixrac edilib. İxracın 96,3%-i Rusiyanın payına düşüb. Rusiyaya kivinin kilosu 1,25 dollardan ixrac edilir. 

Qeyd edək ki, kivi bir çox xüsusiyyətlərinə görə sitrusçuluqda sərfəli bitki hesab olunur. Qiymətinin digər sitrus növlərinə nisbətən əlverişli olması, meyvələrin gec çürüməsi, 6 aya qədər qalması və daşınma zamanı problemin az olması bu bitkinin iqtisadi baxımdan dəyərini daha da artırır.

Bəs, Azərbaycanda kivinin daha çox yetişdirilməsi və ixracı üçün imkanlar varmı? Əgər koronavirusa görə İrandan kivi gəlməsə, bu məhsul üzrə qiymətlər bahalaşa bilərmi?

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli Sputnik Azərbaycan-a deyib ki, kivi bizim torpaq-iqlim şəraitinə xarakterik sitrus meyvəsi deyil: "Kivi bizə gəlmədir və indiyədək respublikanın cənub bölgəsində inkişaf edib. Bizdə kivinin əkin sahəsi 3 min hektardan çoxdur, yəni çox sürətlə inkişaf edən bir sahə kimi qiymətləndirə bilmərik. Üstəgəl 2007-ci ildən bəri cənub bölgəsində sitrus meyvələrində müəyyən xəstəliklər olub. Ümumiyyətlə biz sitrus meyvəçilik sahəsində ya əkilmir, ya da əkin sahəsi aşağıdır deyə idxaldan asılıyıq. Bunların sırasına kivi də daxildir. Kivi ən çox İrandan ölkəmizə gətirilib".

Onun sözlərinə görə, kivi kütləvi alışda ciddi yer tutmur: "Kivi elit meyvədir və əsasən şadlıq evlərində, restoranlarda, xidmət sektorunda istehlak edilir. Sitrus meyvəçilik spesifik sahədir. Məsələn, bir ildə 1 hektar bağın becərilməsi fermerə 250-280 manata başa gəlirsə, bir hektar sitrus meyvəsinin becərilməsi isə 600-700 manata və bəzən 1000 manata başa gəlir. Bu, o sahənin çətinliyi ilə bağlıdır, xəstəlikləri spesifikdir. Məsələn, bir ildə almada bir növ xəstəlik müşahidə edirik, amma sitrus meyvələrində isə 4-5 növ xəstəlik var".

Meyvələr matahdır, marketlər muzey, qiymətlər də artır, haraya qədər?

O bildirib ki, hazırda ölkədə müasir kivi bağları mövcuddur: "Tingləri İrandan gətiriblər, amma sahəsi çox deyil. Kivi həm daxili, həm də xarici bazarda əlverişli məhsuldur. Amma bu istehsal sahəsi ilə hər fermer məşğul ola bilməz. Burada fermeri maarifləndirmə imkanları, texnoloji imkanlar olmalıdır. Sitrus meyvələrində becərmələrin sayı çoxdur. Məsələn, alma bağında mövsüm ərzində 3 cür becərmə varsa, sitrus meyvə bağında 8 cür becərmə var və bunun üçün texnologiya lazımdır. Bu, çox investisiya tələb edən bir sahədir. Kivinin İrandan ölkəyə gətirilməsi əlverişlidir, amma Türkiyədən gətirilsə, maya dəyərini çox bahalaşdırar".

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a deyib ki, cənub bölgəsində kivi yetişdirilməsi ilə bağlı bir sıra işlər görülüb: "Sadəcə kivinin geniş sahələrə yayılması üçün mütəxəssislərə ehtiyac var ki, fermerləri də ağaclara qulluğu, dərmanlardan istifadəni, zərərvericilərdən qorunmanı öyrətsinlər. Cənub bölgəmizdə təcrübə sahələri var və burada kivi yetişdirilir, hətta bazara da çıxarılır. Amma sahələr çox azlıq təşkil edir. Cənub bölgəsində bu sahəyə elmi yanaşma olsa, normal investisiya qoyuluşu olsa, kivinin yetişdirilməsi və ixracı mümkündür. Kivi ixracı üçün Rusiya çox böyük bazardır və bu sahədə kifayət qədər uğurlu biznes modeli qurmaq mümkündür. Bu sahə gəlirli sahədir".

"Əgər kivi Türkiyədən ölkəmizə idxal edilsə, baha başa gələcək. Əgər İran ilə sərhəd uzun zaman bağlı qalsa, kivi başqa ölkələrdən, o cümlədən Türkiyədən gətirilərsə, bu məhsul üzrə qiymətlərdə nəzərəçarpacaq dərəcədə artım müşahidə oluna bilər" – deyə ekspert əlavə edib.

Meyvə-tərəvəz bazarı - Sputnik Azərbaycan
Təzyiqi aşağı salan meyvələrin adları bilindi

Qeyd edək ki, insan orqanizmə faydalı olan kivinin tərkibində olan C vitamini miqdarına görə bütün sitrus meyvələri arasında birinci yeri tutur. Kivi ürək-damar sistemi üçün çox faydalıdır. Tərkibində kalium və maqnezium mikroelementlərinin olduğuna görə kivi arterial təzyiqi normallaşdırır.

Maraqlıdır ki, kivi meyvəsinin adı əslində quş adından götürülüb. Ona bu adı 20-ci əsrin 30-cı illərində seleksiyaçı A.Elisson verib. O, Yeni Zelandiyanın milli simvolu olan kivi quşu ilə oxşarlığa görə indi süfrəmizin bir hissəsinə çevrilən meyvəni belə adlandırıb.

Xəbər lenti
0