BAKI, 7 mart — Sputnik. Səudiyyə Ərəbistanının kral ailəsinin üç üzvü, o cümlədən kralın qardaşı acıqlanmayan səbəblərdən həbs olunub. Sputnik Azərbaycan "BBC" telekanalına istinadən xəbər verir ki, həbs olunanlardan ikisi krallığın ən nüfuzlu şəxsləridir.
Belə ki, həbs olunanlar kralın kiçik qardaşı Şahzadə Əhməd ibn Əbdüləziz, keçmiş vəliəhd Məhəmməd ibn Naif və şahzadə Nəvaf ibn Naifdir.
Həbslər haqqında ilk məlumatı verən "The Wall Street Journal" qəzeti olub. Məlumata görə, həbslər cümə günü səhər saatlarında baş tutub.
Məhəmməd ibn Naif 2017-ci ildə vəliəhd Məhəmməd ibn Salman tərəfindən vəzifədən kənarlaşdırılıb ev dustaqlığına yerləşdirilənə qədər ölkənin daxili işlər naziri olub. Amerika kəşfiyyatçıları onu yaxın və etibarlı tərəfdaşı hesab edirdi.
78 yaşlı şahzadə Əhməd ibn Əbdüləziz isə padşahın sağ qalan yeganə doğma qardaşıdır. O, 2018-ci ildə Londonda nümayişçilər qarşısında vəliəhd Məhəmməd ibn Salmanı tənqid edən ifadələr işlədib, lakin sonradan onun sözlərinin təhrif edildiyini bildirib.
Onların hər ikisi taxt-tac üçün növbədə ilk olan 34 yaşlı vəliəhd Məhəmməd ibn Salmana potensial rəqib kimi qəbul edilirdi.
Məhəmməd ibn Salman 2016-cı ildə atası tərəfindən vəliəhd təyin edilib. 2017-ci ildə Səudiyyə kral ailəsinin onlarla üzvü, nazirlər və iş adamları vəliəhdin onları həbs etmək əmri ilə Riyaddakı "Ritz-Carlton" otelində saxlanılıblar.