BAKI, 7 mart — Sputnik. "COVID-19" epidemiyası ilə əlaqədar olaraq Azərbaycana səfərləri yenidən nəzərdən keçirin. Sputnik Azərbaycan xəbər verir ki, belə bir çağırışı ABŞ Dövlət Departamentinin Konsulluq İşləri Bürosu öz saytında yerləşdirib.
"İran sərhədinə yaxınlığı səbəbindən "COVID-19" hallarının əhəmiyyətli dərəcədə artması riski və Azərbaycan Hökumətinin "COVID-19"a cavab tədbirləri ilə əlaqədar olaraq Azərbaycana səfərləri yenidən nəzərdən keçirin", – məlumatda deyilir.
Məlumata əsasən, Azərbaycana səyahətlə bağlı üçüncü (narıncı) risk səviyyəsi təyin edilib.
"Azərbaycan Hökuməti xarici turistlərdə "COVID-19" simptomlarını aşkar etmək üçün onları yoxlayır və xəstəlik şübhəsi doğuran hallar üçün xüsusi olaraq ayrılmış karantin müəssisələrində məcburi karantin tətbiq edib", – ABŞ Dövlət Departamenti qeyd edib.
"Digər ölkələrdə səfərlərə qoyulan məhdudiyyətlər və kommersiya reyslərinin azlığı tibbi evakuasiyaya ehtiyacı olan insanlar üçün çətinliklər törədə bilər. Azərbaycanda tibbi xidmət ABŞ standartlarına uyğun deyil və bəzi ərazilərdə əsas tibbi ləvazimatlar olmaya bilər. Səyahətçilər Azərbaycana getməzdən əvvəl bu amilləri və öz sağlamlığını nəzərə almalı və əgər səyahət etməyi qərara alsalar koronavirusun profilaktikası üçün Xəstəliklərə Nəzarət Mərkəzlərinin tövsiyələrinə riayət etməlidirlər", – məlumatda deyilir.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti bir müddət öncə koronavirusun yayılması səbəbindən Çinə səyahətlə bağlı dördüncü (qırmızı – "səyahət etməyin"), eləcə də İtaliyaya üçüncü və onun Lombardiya və Veneto əyalətləri üçün ayrıca olaraq dördüncü risk səviyyəsi təyin edib.