BAKI, 6 mart — Sputnik, Kəmalə Əliyeva. Rusiyanın Xalq artisti Yelena Proklovanı Bakı ilə romantik sevgi tarixçəsi bağlayır. Çünki o, birinci həyat yoldaşı ilə məhz burada tanış olub. Aktrisa Sputnik Azərbaycan-a əslən bakılı olan birinci həyat yoldaşından danışıb. O, jurnalist və sənədli filmlər rejissoru olub. Proklova 17 yaşında olanda həmin şəxslə tanış olub və dərhal da ona ərə gedib. Həmin şəxslə, yəni Vitali Məlik-Kərəmovla Proklovanın evləndikdən bir il sonra qızları dünyaya gəlib. Adını Arina qoyublar.
"Mənim bu şəhərdə çox gözəl günlərim keçib. Cavanlıqda buraya tez-tez gəlirdim. Ona görə də Bakını, onun gözəlliyini, qonaqpərvərliyini çox sevirəm. Baxmayaraq ki, mənim evliliyim dörd ildən (1971-1975) sonra başa çatdı, amma mən ilk sevgimin şəhərini hələ də səmimiyyətlə xatırlayıram", - deyə Proklova bildirib.
Onun sözlərinə görə, indi şəhər dəyişib və çox gözəlləşib. Aktrisanın Bakıda çoxlu köhnə tanışları, dostları var və onlarla hələ də görüşür, münasibət saxlayır. Proklova həmçinin Azərbaycan mətbəxinə məftundur və hələ də bir sıra yeməklərimizi hazırlamağı bacarır.
"Mən şah-plov hazırlamağı bilirəm. Ona şabalıd da əlavə edirəm. Bakının nərə balığını və kababını sevirəm. Şirniyyatlarını da xoşlayıram, amma onları çox az yeyirəm. Xüsusilə paxlavanı çox sevirəm", - deyə Proklova bildirib.
Bakıda olanda aktrisa mütləq yerli bazarları ziyarət edərək bəzi ərzaqları alır.
Yelena Proklova bu dəfə Bakıya Moskva Müasir İncəsənət Teatrının aktyorları ilə birlikdə gəlib. Onlar Bakı səhnəsində "RaskolnikOFF" tamaşasını təqdim ediblər.
Yelena Proklova Lenin komsomolu mükafatının laureatı, Rusiyanın Əməkdar artistidir. "Göyərçinim", "Gecikmiş məhəbbət", "Gənclik", "Ana daha yaxşıdır" və digər filmlərdə çəkilib.