BAKI, 6 mart — Sputnik. Məşhur sovet şairi, aktyoru və musiqiçisi Vladimir Vısotskinin qohumları Amerika Birləşmiş Ştatlarının Federal Təhqiqat Bürosundan (FTB) kompensasiya tələb edə bilərlər. Sputnik Azərbaycan RİA Novosti-nin "Telegram" kanalına istinadən xəbər verir ki, buna səbəb Vısotskinin fotoşəklinin FTB tərəfindən "Facebook" sosial şəbəkəsində yayılan reklamda istifadəsi olub.
Bir müddət öncə, FTB "Facebook"da rus dilində yaydığı reklamda Vladimir Vısotskinin fotoşəklindən istifadə edərək, qurumla əməkdaşlığa çağırıb. Belə ki, reklam paylaşımında Vısotskinin Moskva Cinayət Axtarış İdarəsinin kapitanı Qleb Jeqlovun rolunu oynadığı məşhur "Görüş yerini dəyişmək olmaz" filmindən bir kadr illüstrasiya kimi istifadə olunub. Vısotksinin təsvir olunduğu həmin illüstrasiyanın aşağı hissəsində rus dilində yazılıb: "Görüş yerini dəyişmək olmaz. Danışmağa sözümüz var. Biz də Vısotskini sevirik". Bu yazının yanında isə FTB-nin gerbi və abbreviaturası təsvir olunur.
Reklam paylaşımı vasitəsi ilə FTB-nin yerli əks-kəşfiyyat idarəsinin "Facebook" səhifəsinə keçmək mümkündür. Səhifədə rus və ingilis dillərində yerləşdirilmiş müraciətdə vətəndaşları "dövlət təhlükəsizliyinin təmin edilməsi üçün" məlumatları FTB ilə paylaşmağa çağırırlar.
"Əgər sizdə FTB-yə qarşısında duran məqsədlərə çatmağa kömək edə biləcək informasiya varsa, zəhmət olmasa, regional ofisimizə müraciət edin... Etibarlı mühitdə tam məxfiliyə riayət etməklə məlumatları bizə ötürə bilərsiniz", – elanda deyilir.
Vısotskinin şəklinin bu elanda istifadəsini şərh edən vəkil Vladimir Postanyuk RİA Novosti-yə deyib ki, aktyorun qohumları FTB-dən kompensasiya tələb etsələr, ABŞ hökuməti birbaşa cavabdeh tərəf olacaq.
Vısotskinin oğlu, teatr və kino aktyoru Nikita Vısotski isə atasının şəklinin FTB tərəfindən bu tip reklamda istifadəsini axmaq və ədəbsiz hərəkət adlandırıb.
"Bu, axmaqlıqdır. Fikrimcə, bu, hüquqi cəhətdən düzgün deyil. Etik cəhətdən isə bu çox qəribədir, çünki Vısotski xəbərçiliyə meyli olan adamlarla əlaqələndirilmir", – Nikita Vısotski RİA Novosti-yə deyib.