BAKI, 6 mart — Sputnik. Afrikanın Sahel regionunda gərgin sosial-iqtisadi vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərə etdiyi müraciətə cavab olaraq, İƏT-in Nigerdəki humanitar və inkişaf idarəsinin İƏT Regional Ofisə çevrilməsinə dəstəyin verilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bu təşkilata 100 min ABŞ dolları həcmində yardım edilib.
Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, İƏT-in sözügedən idarəsinin Regional ofisə çevrilməsi ilə əlaqədar qərar 1-2 mart 2019-cu il tarixlərində Əbu-Dabidə keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası və ötən ilin 31 may tarixində Məkkədə keçirilmiş İƏT-in Dövlət və Hökumət başçılarının 14-cü Sammitində qəbul olunub.