BAKI, 6 mart — Sputnik. Aparıcı Hüsniyə Məhərrəmova "Instagram" hesabında qadınlarla bağlı paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, o, kişilər arasında aparılan "Qadın dediyin necə olmalıdır" sorğusuna münasibət bildirib.
"Nə vaxta qədər ki, xanımların gözəl həyat haqqındakı bütün düşüncələri və arzuları ərə getmək olacaq, nə vaxta qədər qadın "seçmək" yox, "seçilmək" istəyəcək, nə vaxta qədər xanımlar öz uşaqlarına "Ona olar, o oğlandır. Sənə olmaz, sən qızsan" deyəcək... Bax, o vaxta qədər də biz "Qadın necə olmalıdır" sualına belə "məntiqli" cavablar eşidəcəyik. Əl çəkin kişilərdən. Bezdirdiniz... Kişiləri də dünyaya gətirən, böyüdən, tərbiyə verən qadınlardır. Özünüzdən başlayın".
Qeyd edək ki, Hüsniyə Məhərrəmova İctimai Televiziyada "Müzik ekspress", "Qaraj" və özünün hazırladığı "Şou N-1" layihəsində aparıcılıq edib. Hazırda Azad Azərbaycan TV-də yayımlanan "V element" verilişinin aparıcılarındandır.