BAKI, 5 mart — Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhdi Məhəmməd bin Zayed yeni növ koronavirusa yoluxub. Sputnik Azərbaycan "Daily Sabah" nəşrinə istinadən xəbər verir ki, belə bir məlumatı İsrail mediası yayıb.
Məlumat hələ ki, rəsmi olaraq təsdiqlənməyib. Xəbər verilir ki, İsrailin "N12 News" saytı özünün "Twitter" səhifəsində bu iddianı yayıb. Digər istifadəçilər isə bu tvitə yazdıqları cavablarda vəliəhdin sarayda çalışan filippinli işçidən yoluxduğunu, onun Əbu-Dabidəki Klivlend Xəstəxanasına göndərildiyini və sonradan saraya geri qayıtdığını qeyd ediblər.
Bu səhərə olan məlumata görə, Çində yeni növ koronavirusdan ölənlərin sayı 3102-ə çatıb (80 mindən çox insan xəstələnib).
Bu arada, BƏƏ ilə dəniz sərhədləri olan İranda koronavirusa artıq 2922 nəfər yoluxub. Xəstəlik ölkədə 92 nəfərin ölümünə səbəb olub. BƏƏ ilə quru sərhədi olan qonşu Səudiyyə Ərəbistanında isə artıq ikinci yoluxma faktı qeydə alınıb, lakin hələ ki, xəstəlikdən ölən olmayıb.
Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.
ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb. Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.