BAKI, 5 mart — Sputnik. Çində tüğyan edən koronavirus başqa ölkələrə yayılmaqda davam edir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Tailandda əlavə dörd nəfər bu xəstəliyə yoluxub.
Beləliklə Tailandda "COVID-19" xəstəliyinə yoluxmuş şəxslərin sayı 47-a çatıb.
Bu səhərə olan məlumata görə, xəstəliyin başladığı Çində yeni növ koronavirusdan ölənlərin sayı 3102-ə çatıb (80 mindən çox insan xəstələnib).
Bu arada Çin hökuməti koronavirusun yayılması ilə mübarizə üçün yaxın vaxtlarda Cənubi Koreyaya təcili humanitar yardım göndərəcək. Bunu Çinin Xarici İşlər nazirinin müavini Ma Çaosuy bəyan edib. Qeyd edək ki, Cənubi Koreyada artıq 35 nəfər "COVID-19" xəstəliyinin qurbanı olub, 5766 nəfər xəstəliyə yoluxub.
Bu səhərə olan məlumata görə, İranda koronavirusa yoluxmuşların sayı 2922-yə çatıb. Xəstəlik ölkədə 92 nəfərin ölümünə səbəb olub. İtaliya isə bu göstəricilərə görə İranı "geridə qoyub". Belə ki, 3089 nəfərin koronavirusa yoluxduğu İtaliyada artıq 107 nəfər bu xəstəlikdən dünyasını dəyişib. Fransada isə artıq dörd nəfər "COVID-19" virusunun qurbanı olub (285 nəfər xəstələnib).
Koronavirusa yoluxma və onunla bağlı ölüm faktları Yaponiya (1036 xəstə, 12 ölü), Almaniya (262 xəstə), İspaniya (222 xəstə, 1 ölü) və Sinqapur (112 xəstə) da daxil olmaqla dünyanın təxminən 80 ölkəsində qeydə alınıb.
Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.
ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.
Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.