BAKI, 5 mart — Sputnik. İran və Azərbaycan arasında birbaşa uçuşlar dayandırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.
Məlumatda bildirilib ki, Azərbaycan rəsmiləri İran vətəndaşlarının Azərbaycan Respublikasını tərk etməsinə şərait yaradır, lakin İran vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasına icazə vermir: "Azərbaycan rəsmiləri həmçinin öz vətəndaşlarının İrana səfərinə icazə vermir, lakin İranda qalan vətəndaşlarının ölkəyə geri qayıtmasını təmin edir. Bu vətəndaşlar geri qayıdarkən tibbi müayinədən keçməli və koronavirusa yoluxma halları qeydə alınarsa, karantinə alınacaqlar".
Məlumata görə, yük avtomobillərinin sərhəddən keçidi qismən təmin olunur və virusa yoluxanlar karantinə alınırlar.
Ümumilikdə, iki ölkə arasında gediş-gəliş əvvəlki kimi deyil. Eyni zamanda bildirmək lazımdır ki, İran vətəndaşları üçün təşkili nəzərdə tutulan bütün Novruz tədbirləri ləğv olunur.
Səfirlik İranda koronavirusun nəzarət altına alınmasının sərhəd əlaqələrinin normallaşmasına kömək edəcəyinə ümid edir.