BAKI, 5 mart — Sputnik. "Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır və bunun təzahürləri göz qabağındadır"
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib.
"Bu siyasət şüurlu siyasətdir və bundan sonra da davam etdiriləcək. Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır. Bundan sonra əgər kimsə dövlət işində, xüsusilə icra başçısı vəzifəsində işləmək istəyirsə, bax, bu prinsiplər əsas olmalıdır", - dövlət başçısı vurğulayıb.