BAKI, 5 mart — Sputnik. Aparıcı Azər Qərib qadınlarla bağlı maraqlı paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, sənətçi "Instagram" hesabında qadınları iki hissəyə ayırıb. Qadın mövzusunu koronavirusdan üstün tutub:
"Qadınlar günü yaxınlaşır, qadın mövzusunu hətta koronavirus belə üstələyə bilməz. Qadın necə olmalı, qadını necə görmək istərdiniz? Azərbaycanda qadınların rolu haqda iki paralel yanaşma var. Biri patriarxal, dədə-babadan qalma milli ənənələrə arxalanan yanaşmadır ki, qadının rolu evdədir, ocaq qoruyucusudur, arxa cəbhədir, anadır, uşaqların tərbiyəsidir, dadlı xörəklər bişirməkdir, corabları ütüləməkdir, evdən bayıra tək çıxmamaqdır, xalatı iki ildə bir dəfə dəyişməkdir. Bu, daha çox əyalətlərə aiddir. Digər yanaşma, şərti olaraq şəhər yanaşması, daha müasirdir, proqressiv hesab olunur. Bu yanaşmada qadın işləyir, karyera qurur, corabı isə göndərir "ximçistkaya".
Hər iki yanaşmanın xeyli qolları var. İşləyən ana var ki, işdən sonra evə, uşaqların yanına deyil, növbəti kafedə poz verib şəkil çəkdirməyə gedir. Ana da var ki, heç qoymur axşam saat 7-yə işləsin, güllə kimi cumur evə, ailəsini görməyə.
Evdə oturanlar da müxtəlifdir, kimi gününü salonlarda və alış-veriş mərkəzlərində keçirir, uşaq başdı-başına, ər başdı-başına, yeməyi xadimə bişirir, kişinin qabağına bir parça ət atır ki, tez ol, ye.
Digər evdə oturan həm salona çatır ki, daim gözəl olsun, həm də uşaqları tərbiyə edir, kitablar oxuyur onlar üçün, dərslərinə kömək edir, evin təsərrüfatını aparır, mətbəxdə ərinə delikateslər hazırlayır, evi bəzəyir, yəni, vaxtını həm evə və ailəyə sərf edir, həm də öz xarici görünüşünü unutmur. Yəni, belədir durum. Yoxsa, belə deyil?".
Qeyd edək ki, 58 yaşlı jurnalist "Mədəniyyət" telekanalında yayımlanan "Oralar" layihəsinin aparıcısıdır.