Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 4 mart — Sputnik. Koronavirus epidemiyasının yayılması Fransada Luvr muzeyinin bazar günü bağlanmasına səbəb olub. Muzeyin kolleksiyasını qoruyan işçilər dünyanın hər yerindən gələn ziyarətçilər tərəfindən xəstəliyə yoluxa biləcəklərindən ehtiyat edir.
"Biz çox narahatıq, çünki dünyanın hər yerindən ziyarətçilər gəlir", - Luvr muzeyinin işçisi və işçilərin həmkarlar ittifaqının təmsilçisi Andre Sakristin bildirib.
"Risk olduqca böyükdür, çox böyükdür. Hələlik muzeyin 2300 işçisi arasında xəstələnən yoxdur. Amma bu, vaxt məsələsidir", - o əlavə edib.
Luvr muzeyinin verdiyi qısa bəyanatda bildirilir ki, muzeyin işçiləri koronavirus epidemiyasının qarşısının alınması ilə bağlı keçirilən iclasda muzeyin bazar günü planlaşdırıldığı kimi səhər açılmaması qərarını verib.
Məlum epidemiya Azərbaycandakı mədəniyyət ocaqlarının fəaliyyətinə təsir edibmi? Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən açıqlamada bildirilib ki, ölkədə fəaliyyət göstərən teatrların, muzeylərin, mədəniyyət müəssisələrinin bağlanması ilə bağlı zərurət yoxdur. Əgər xüsusi komissiya bu məsələ ilə bağlı məlumat verərsə, lazımi addımlar atılacaq.
Qeyd edək ki, Azərbaycanda 201 muzey fəaliyyət göstərir: bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir.