CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sudan içdik, oddan necə keçəcəyik? Çərşənbə bazarlığı üçün əlverişli ünvanlar

© Sputnik / Irade JELILBakıda bazar
Bakıda bazar - Sputnik Azərbaycan
Abunə olmaq
Bayramın yaxınlaşmasından sui-istifadə edən bəzi "işbazlar" "ənənələrinə" sadiq qalaraq qiymətləri kəllə-çarxa qaldırırlar. Sputnik Azərbaycan bazarlarda və yarmarkalarda qiymət fərqini araşdırıb.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Bu gün Novruzun ikinci çərşənbəsi - Od çərşənbəsidir. Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də ocağın üstü boş qalmamalıdır. Adətlərimizə görə, bu çərşənbədə də qazanlar qaynamalı, bayram süfrəsi açılmalıdır.

Ancaq süfrəni bolluca nemətlərlə bəzəyib bayramı ürəyi istədiyi kimi keçirmək hər ailəyə nəsib olmur. Çünki bayramın yaxınlaşmasından sui-istifadə edən bəzi "işbazlar" "ənənələrinə" sadiq qalaraq qiymətləri kəllə-çarxa qaldırırlar. Bayramda qiymət artımının qarşısını almaq üçün Aqrar Tədarük və Təchizat ASC tərəfindən paytaxtın müxtəlif ünvanlarında kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunur. Sputnik Azərbaycan bazarlarda və yarmarkalarda qiymət fərqini araşdırıb.

© Sputnik / Zulfiyya GuluyevaYarmarkada qiymətlər
Sudan içdik, oddan necə keçəcəyik? Çərşənbə bazarlığı üçün əlverişli ünvanlar - Sputnik Azərbaycan
Yarmarkada qiymətlər

Öncə yolumuzu "Nəsimi bazarı"ndan salırıq. Bazarda qiymətlərin alıcıların cibinə uyğun olmadığı müştərilərin tək-tək gözə dəyməsindən də hiss olunur.

Satıcılar qiymətin aşağı olduğunu desələr də, əks vəziyyəti görürük. Bazarda ən ucuz almanın 1 kiloqramı 1 manat 50 qəpik, ən bahalısı isə 4 manata təklif olunur. Naringinin qiyməti 3-7, portağalınkı 3-5 manat arasında dəyişir. Heyva 2-4, nar 5-7, armud 6 manata satılır.

© Sputnik / Zulfiyya GuluyevaYarmarkada qiymətlər
Sudan içdik, oddan necə keçəcəyik? Çərşənbə bazarlığı üçün əlverişli ünvanlar - Sputnik Azərbaycan
Yarmarkada qiymətlər

Bazarda qiyməti ən yüksək olan məhsullar çərəzlərdir. Qoz ləpəsinin kilosu 19-25-32 manat, fındıq ləpəsi isə 17-25 manatdır. Qərzəkli qozun bir kiloqramı 7 manata, fındıq isə 6 manata təklif olunur. Bayram süfrəsinin bəzəyi olan plov üçün istifadə olunan düyünün kilosu 8-16, ərik qurusu 8-11, kişmiş - 7-15, gavalı 7-9 manata təklif olunur. Badam ləpəsi 25, qabıqlısı isə 8 manatdır. Püstə 26 manata, araxis 6 manata satılır.

Mal əti 12 manata, qoyun əti isə 14 manata təklif olunur. Hind quşunun bir kiloqramı 15 manat, kənd toyuğu 8 manat, qaz 11 manat, balığın qiyməti isə növlərinə görə 9 manatdan 35 manatadək dəyişir. Kartof 1 manata, soğan 70 qəpiyə, pomidor 3 manat 50 qəpik-5 manata, xiyar 3-6 manata təklif olunur. Bazarda satıcılar bayrama görə qiymətlərdə artım olduğunu təsdiqləməsələr də, alıcılar bəzi məhsulların qiymətində 1 manatdan 7 manatadək bahalaşma olduğunu söylədilər.

© Sputnik / Zulfiyya GuluyevaYarmarkada qiymətlər
Sudan içdik, oddan necə keçəcəyik? Çərşənbə bazarlığı üçün əlverişli ünvanlar - Sputnik Azərbaycan
Yarmarkada qiymətlər

Nərimanov rayon sakini Valeh Kazımov Sputnik Azərbaycan-a bildirib ki, bu həftə ən çox qiymət artımı çərəzlərin qiymətində baş verib: "İki həftə əvvəl qoz ləpəsi 17 manata, fındıq isə 14 manat idi. İndi bazarda normal qoz ləpəsinin qiyməti 25 manat, fındıq ləpəsi 17-18 manatdır. Meyvələrin də qiyməti bahalaşıb. Bir sözlə, bazara yaxın durmaq mümkün deyil".

Bazarla müqayisədə yarmarkalarda məhsulların qiymətində xeyli fərq var. Yasamal rayonu, Hüseyn Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsidə fəaliyyət göstərən "Kənddən-şəhərə" yarmarkasında meyvələrdən alma 0,60 qəpik-3 manat, armud 0,50 qəpik-2 manat 80 qəpik, nar 1 manat 30 qəpik-2 manat 50 qəpik, heyva 1 manat-1 manat 20 qəpik, naringi 1 manat 80 qəpik-2 manat 20 qəpik, portağal 1 manat 80 qəpiyə satılır. Qabıqlı qoz 4 manat 50 qəpik-6 manat, fındıq 7 manat 50 qəpikdir. Qoz ləpəsi 8-14 manat arası, fındıq ləpəsi isə 13-15 manatdır. Püstə 24 manata, badam ləpəsi isə 22 manatdır. Qara kişmiş 8-14 manat, sarı kişmiş isə 6-14 manata təklif edilir. Ərik qurusu 6-11 manata, gavalı qurusu 4-5 manatadır. Bayram plovu dəmləmək istəyənlər düyünü yarmarkadan 3 manat 50 qəpiyə-4 manata ala bilərlər. Yarmarkada mal əti 9, qoyun əti 10 manata satılır. Kənd toyuğu 5-6 manat, hinduşka əti 13, qaz və ördək 9 manatadır.

© Sputnik / Zulfiyya GuluyevaYarmarkada qiymətlər
Sudan içdik, oddan necə keçəcəyik? Çərşənbə bazarlığı üçün əlverişli ünvanlar - Sputnik Azərbaycan
Yarmarkada qiymətlər

Kartof 60-70 qəpik, soğan 55 qəpik, kələm 45 qəpik, kök 50-70 qəpiyədir. Çuğundur 60 qəpiyə, pomidor 2-2 manat 50 qəpiyə, xiyar 2 manar 30 qəpik, brokkoli 2 manat 30 qəpikdir. Göyərtinin bir dəstəsi isə 15 qəpikdir. Kənd yumurtası 25 qəpik, kərə yağı 15 manatdır. Satıcılar bazarlarla müqayisədə yarmarkalarda qiymətin aşağı olmasının məhsulun keyfiyyəti ilə bağlı olmadığını söyləyirlər. Xaçmazdan yarmarkaya məhsul gətirən satıcı deyir ki, gətirdiyi məhsullar öz təsərrüfatından olduğu üçün qiyməti bazarla müqayisədə ucuzdur.

Alıcılar isə bayram yarmarkalarının təşkilini dəstəkləyirlər. Onlar kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının hər həftə təşkil edilməsinin daha yaxşı olduğunu bildirdilər.

© Sputnik / Zulfiyya GuluyevaYarmarkada qiymətlər
Sudan içdik, oddan necə keçəcəyik? Çərşənbə bazarlığı üçün əlverişli ünvanlar - Sputnik Azərbaycan
Yarmarkada qiymətlər

Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC mərkəzinin mətbuat katibi Mayis Musayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu yarmarkalar hər həftə təşkil olunacaq. Mart ayının 14-dən 19-na qədər isə yarmarkalar gündəlik fəaliyyət göstərəcək. M.Musayev bildirib ki, məqsəd paytaxt əhalisinin ucuz bayram alış-verişi etməsinə imkan yaratmaqdır. M.Musayev yarmarkalarda qiymətlərin bayram günlərində də bahalaşmayacağını, məhsulların keyfiyyətinə nəzarət ediləcəyini bildirib. M.Musayev bildirib ki, yarmarkalar Yasamal rayonu, Hüseyn Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi, 225 saylı orta məktəbin qarşısı, Space TV-nin yanı⁣⁣⁣⁣, Binəqədi rayonu, Süleyman Sani Axundov 5B ("İnqilab" kinoteatrının yanı)⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣, Nərimanov rayonu, "Gənclik" metro stansiyasının yanı⁣⁣⁣⁣, ⁣Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A.⁣⁣⁣⁣⁣⁣⁣⁣, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev və Etibar Bəkirli küçələrinin kəsişməsi (Neftçilər parkının yanı)⁣⁣⁣ təşkil olunur.

Bazar və yarmarkadan çıxıb mağazalara da baş çəkdik. İri marketlərdə bayramqabağı bahalaşmanın olduğu qiymətlərdən bəlli idi. İri supermarketlərdə iki kiloqramlıq düyü paketlərinin qiyməti 8 manatadək bahalaşıb. Satıcılar ötən həftə qiymətin 7 manat olduğunu gizlətmədilər. Kərə yağının qiyməti isə 16 manatdan 17 manat 80 qəpiyədək bahalaşıb. Qiymət artımı çərəzlərdə  və meyvə qurularında da baş verib. Belə ki, mağazalarda qoz ləpəsinin qiyməti 14 manatdan 17 manatadək yüksəlib. Fındıq ləpəsi isə 17-19 manatdır. Ərik qurusu 12-15 manata, kişmiş 8-13 manata, gavalı qurusu 7-9 manata təklif olunur. Alıcılar da son bir həftədə marketlərdə qiymətlərin nəzərəçarpacaq qədər artdığını söylədilər. 

Xəbər lenti
0