BAKI, 3 mart — Sputnik. Azərbaycanda "Formula-1" Azərbaycan Qran-prisinin beş illiyinə həsr olunmuş fotomüsabiqənin nəticələri açıqlanıb.
"Gilavar" foto klubunun təşkilati dəstəyi ilə keçirilən müsabiqəyə 15 fotoqraf Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən keçirilən "Formula 1" yarışının Bakı mərhələsindən çəkdikləri şəkillərini təqdim ediblər.
Nüfuzlu azərbaycanlı və rusiyalı fotoqraflardan ibarət münsiflər heyətinin qərarına əsasən Sputnik Azərbaycan-ın fotoqrafı Murad Orucovun çəkdiyi şəkillər ilk yerlərdən birinə layiq görülüb. O, "Trekdə" kateqoriyası üzrə ən yaxşı fotonun müəllifi olub.
"Əla şəkildir. Kifayət qədər kəskin və oxunaqlıdır. Rənginə görə də əladır və bolidə də bu rəng çox yaraşır. Arxa plandakı binanın zolaqlarının ritmini bəyənirəm. Yəqin ki, fotonu dərk etməyə buradan başladım və yalnız bundan sonra F1 bolidinə keçdim", - deyə münsiflər heyətinin üzvü, rusiyalı fotoqraf Yevgeni Safronov Murad Orucovun fotosunu şərh edərkən bildirib.
Əsərləri ən yaxşı hesab olunan fotoqraflara mükafat olaraq "Formula 1"-in İspaniya Qran Prisini ziyarət etmək imkanı verilib.
Xatırladaq ki, "Formula 1" üzrə Azərbaycan Qran Prisi -2020 5-7 iyun tarixlərində keçiriləcək. Ötən il Bakıda "Kral yarışları" 26-28 aprel tarixlərində baş tutub və "Mercedes" komandasının pilotu Valtteri Bottas yarışın qalibi olub.